Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir. Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 15-də keçirilən brifinqdə bildirib. Ermənilərin bəyanatda göstərilən rayonlardan çıxarılması işlərinin davam etdiyini bildirən Hikmət Hacıyev deyib: “Bəyanatın tələblərindən biri ermənilərin noyabrın 15-dək Kəlbəcərdən çxarılması idi. Lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin noyabrın 20-də Ağdamdan, dekabrın 1-dək isə Laçından çıxarılması nəzərdə tutulur.