Şəhidlərin və həyatını itirmiş mülki vətəndaşların banklara olan kredit borcları ilə bağlı yeni bəyanat

Şəhidlərin və həyatını itirmiş mülki vətəndaşların banklara olan kredit borcları ilə bağlı yeni bəyanat

2 Dekabr, 17:10 Sosial mediada paylaşın:

Bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə iddialara aydınlıq gətirilib.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaydığı bəyanatda bildirilir ki, Azərbaycan Prezidentinin tapşırıqları və Mərkəzi Bankın tövsiyəsi ilə hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq aşağıdakı qərarları qəbul edib:

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin

- Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin

- Hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması sentyabrın 27-dən tam dayandırılsın

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin birillik əməkhaqqı miqdarında vəsait ödənilsin

- Torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına üçaylıq əməkhaqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.

“Azərbaycan Banklar Assosiasiyasına üzv banklar qəbul edilmiş qərarı tam şəkildə icra etməkdədir. Cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara banklar malik olmurlar. Buna görə də, bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər”, - deyə ABA-nın bəyanatında qeyd olunur.

CANLI YAYIM