Koronavirusun mutasiyaya uğramış ştammı sürətlə yayılır - Bir çox ölkədə yenidən karantin rejimi tətbiq edildi

Koronavirusun mutasiyaya uğramış ştammı sürətlə yayılır - Bir çox ölkədə yenidən karantin rejimi tətbiq edildi

5 Yanvar, 12:37 Sosial mediada paylaşın:

Son statistikaya əsasən, dünyada indiyədək koronavirusa təsdiqlənmiş yoluxma sayı 86 milyon 120 mini ötüb. Yoluxanların 1 milyon 861 minə yaxını infeksiya ilə mübarizədə məğlub olub. Koronavirusun Böyük Britaniyada mutasiyaya uğramış ştammının yayıldığı ölkələrin sayı çoxalır. Yoluxmaların artması ilə əlaqədar bir çox ölkədə yenidən karantin rejimi tətbiq edilir.

Böyük Britaniya hökuməti İngiltərə ərazisində yeni karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib. Yeni məhdudiyyətlərə əsasən, bu gündən etibarən məktəb və kolleclər bağlanaraq fevral tətilinədək distant təhsilə keçir, martdakı karantində olduğu kimi sakinlər evlərini yalnız tibbi xidmət, ərzaq məhsulları almaq və evdən işləmək mümkün olmadıqda işə getmək üçün tərk edə bilərlər. Restoranlar çatdırılma xidməti göstərməyə davam edəcək. Açıq havada idman qurğuları, qolf meydançaları, tennis kortları bağlanacaq.

İngiltərədən bir neçə saat əvvəl Şotlandiyada da karantin rejiminin tətbiq olunduğu elan edilib. Ölkədəki vəziyyətin narahatlıq doğurduğunu deyən Şotlandiyanın birinci naziri Nikola Stercen bildirib ki, yoluxma hallarının artması səhiyyə sistemində yüklənməyə gətirib çıxara, 3-4 həftə ərzində xəstəxanalar yer çatışmazlığı ilə üzləşə bilər. Uelsdə isə məktəb və kolleclər yanvarın 18-dək bağlı qalacaq.

Koronavirusun Britaniyada mutasiyaya uğramış ştammının aşkar olunduğu ölkələrin sayı getdikcə artır. Artıq Avstriya və Slovakiyada virusun bu növünə yoluxma halları qeydə alınıb.

ABŞ-da da epidemioloji vəziyyət ağır olaraq qalır. CNN-in Cons Hopkins Universitetinin statistikasına əsasən apardığı hesablamalara görə, ötən həftə ərzində hər 33 saniyədə bir nəfər COVID-19-dan vəfat edib. Dekabrın 28-dən yanvarın 3-dək olan müddətdə 18 462 ölüm faktı qeydə alınıb. Orta hesabla hər gün 2600-dan çox adam koronavirusdan dünyasını dəyişib.

Türk alimlər COVID-19-u 10 saniyə ərzində müəyyən edən cihaz hazırlayıblar. Bu barədə Bilkənt Universitetinin saytında məlumat verilib. Koronavirusu “Diagnovir” adlı cihazla müəyyən etmək üçün ağızın selikli qişasından nümunə götürülür. Cihazın effektivliyinin 99% təşkil etdiyi bildirilir.

Fərda Abasova

CANLI YAYIM