“Dedi, ata, bəlkə də, sənin gəzdiyin yerlərdə gəzirəm” – Qazilərimizin döyüş yolu

“Dedi, ata, bəlkə də, sənin gəzdiyin yerlərdə gəzirəm” – Qazilərimizin döyüş yolu

12 Yanvar, 12:00 Sosial mediada paylaşın:

24 yaşlı Kənan Babayev Vətəni canı bahasına qorumağa and içənlərdəndir. O, müharibəyə könüllü yollanıb.

Fidayevlər nəslindən olan Kənana babasının adı soyad kimi verilib. Fidayevlər nəslinin 2 qəhraman döyüşçüsündən biridir. Əmisi oğlu Nicat Fidayev kimi o da könüllü yollanıb cəbhəyə. Oktyabrın 5-də təlimlərə gedən qəhramanımız çox keçmədən səngərdə öz yerini tutub. 

Deyir ki, Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb: “6 noyabrda Şuşada, Daşaltında vuruldum. 5-dən 6-na keçən gecə hücuma keçmişdik, orada yaralanmışam. Oraya yollananda hamımızın bir amalı var idi - torpaqlarımızı azad etmək. Bizim üçün ən böyük hədiyyə o idi”.

Döyüşlərdə göstərdiyi qəhramanlıqlara görə Kənan Füzulinin, Qubadlının, Cəbrayılın və Laçının azad olunmasına görə 4 medalla təltif edilib. Əslən Qubadlıdan olan döyüşçümüzün ən böyük uğuru isə atasının 28 illik yurd həsrətinə son qoymasıdır.  

Qazimizin atası Fazil Fidayev Qubadlının azad olunması xəbərini elə oğlundan eşidib: “Deyirdi ki, Qubadlıya, yəqin, birinci özüm gedəcəyəm. Elə də oldu. Bir gün gördüm zəng gəldi. Dedi ki, ata, sizin torpaqdayam. Çox açıqlama vermədi. Dedi, bəlkə də, sənin gəzdiyin yerlərdə gəzirəm. Sağ olsunlar ki, bu hissi bizə yaşatdılar”.

Vətən müharibəsinin qəhramanlarından biri də baş leytenant Ramil Kərimovdur. Oktyabrın 8-də Cəbrayıl istiqamətində döyüşə qatılan 30 yaşlı zabit şanlı zəfəri, qələbə sevincini işğaldan azad olunan yurdda əsgərləri ilə birlikdə qeyd edib. 

“Cəbrayıldan sonra Qubadlı istiqamətində döyüşlərə girmişdik. Qubadlı azad olunandan sonra biz sırf oranın mühafizəsində qaldıq və noyabr ayının 9-dan 10-na keçən gecə, təxminən saat 2-ə işləmiş bizə sevindirici xəbər gəldi”, - deyə. R. Kərimov xatırlayır.

44 günlük Vətən müharibəsində qəhramanlıq səlnaməsi yazan döyüşçülərimizdən biri də gizir Səbuhi Babayevdir. 20 yaşlı igid döyüşlərə Murovdağ ətəklərindən başlayıb. Hərbiçimiz daha sonra yerdəyişmə edərək Cəbrayıla yollanıb: “Füzuli, Hadrut istiqamətində döyüşəndən sonra bizi Xocavənd istiqamətinə yolladılar. Şuşa istiqamətində irəliləyəndə yaralandım. Bir nəfər də geriyə qaçmadı. Hamı irəliyə gedirdi, sinəsini qabağa verirdi”.

Səbuhi göstərdiyi qəhramanlıqlara görə “İgidliyə görə”, Xocavəndin, həmçinin, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilən əmisi oğlu Elvin Babayev də torpaqlarımızın azadlığı uğrunda qəhramanlıq göstərib. İndi Babayevlər ailəsi övladlarının qəhramanlıqları ilə qürur duyur.

Hər biri qanını, canını qoydu döyüş meydanında. Düşmənin ayağını Azərbaycan torpağından təmizləyən, xəyalları gerçəyə, Qarabağı işğaldan azad edən qəhramanlarımızın açdığı cığırla indi biz o yurda qayıtmağa hazırlaşırıq. 

Niftulla Məmmədli

CANLI YAYIM