Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsə mənzil və fərdi evlər verilib.
Bu barədə nazirlikdən bildiriblər. Onlardan 22 nəfərə Yevlax rayonunda yeni yaşayış binasından alınmış mənzillər təqdim edilib. Mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirak ediblər.
V.Nəsirli qeyd edib ki, 2020-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə rekord sayda - 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Bu gün təqdim edilən 30 mənzil və fərdi ev də daxil olmaqla onlardan 1480-i verilib, yaxın iki gündə daha 20 mənzil və fərdi ev də veriləcək. Ümumilikdə ötən dövrdə həmin vətəndaşlara 9100-dən çox mənzil və fərdi ev təqdim edilib.
Vurğulanıb ki, Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına da evlər veriləcəyini bəyan edib.