“Cəbhəyanı kəndlər” anlayışı artıq yoxdur - “Əvvəl ölümüzü də gecə basdırırdıq”

“Cəbhəyanı kəndlər” anlayışı artıq yoxdur - “Əvvəl ölümüzü də gecə basdırırdıq”

27 Yanvar, 11:08 Sosial mediada paylaşın:

Artıq təmas xətti yoxdur. 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımız təxminən 30 illik işğaldan azad olunmaqla cənhəyanı kəndlər və təmas xətti anlayışı da sıradan çıxdı.

44 günlük Vətən müharibəsi cəbhəyanı kəndlər və təmas xətti anlayışını sıradan çıxarıb.

Ermənistan silahlı qüvvələrinin hədəfində olan Goranboyun kəndləri üçün də təhlükə artıq sovuşub. Həmin kəndlərdə həyat axarına düşüb.

Tapqaraqoyunlu kənd sakini Alim Qarayev deyir ki, indi əkin sahələrində rahat işləyə bilirlər: “Kəndimizin qənşərində olan erməni postları dağıdılıb, məhv edilib. İndi tam azadıq, təsərrüfat işləri ilə gündüz də məşğul oluruq. Vaxtilə erməni bizə atmasın deyə əkin sahələrində gecələr işləyirdik, hətta dünyasını dəyişən olanda biz onu gecə dəfn edirdik. İndi rahat əkirik, biçirik, dolanırıq”.

Bəli, Vətən müharibəsində qazandığımız zəfər keçmiş cəbhə xəttində yerləşən kəndlərə əmin-amanlıq gətirib. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə yanaşı, Hacallı və Qarqucaq kəndlərinin də sakinləri müzəffər ordumuzun qələbəsindən sonra arxayın şəkildə öz gündəlik işləri ilə məşğul olurlar.

Ermənistan silahlı qüvvələri Tapqaraqoyunlu kəndini tez-tez atəşə tutduqlarından sakinlər əkin sahələrinə çıxmağa, qaramal saxlamağa da çətinlik çəkirdilər. Bu səbəbdən sosial və infrastruktur layihələrinin bir hissəsi təxirə salınmışdı. Vətən müharibəsindən sonra kənddə yollar yenidən qurulur, qaz, işıq və rabitə xətləri yenilənir. Kəndin içməli və suvarma suyu ilə təchizatı da yaxşılaşdırılır.

Hazırda əvvəllər neytral ərazi kimi bilinən ərazilər minalardan təmizlənir. Proses başa çatdıqdan sonra uzun illərdir ki, neytral ərazi sayılan həmin münbit torpaqlar əkiləcək. Bu da kənd sakinlərinin rifah halını daha da yaxşılaşdıracaq.

Xaliq Qurbanlı

CANLI YAYIM