Dünyada koronavirusa ümumi yoluxma sayı 102 milyon 635 mini ötüb

Dünyada koronavirusa ümumi yoluxma sayı 102 milyon 635 mini ötüb

30 Yanvar, 11:30 Sosial mediada paylaşın:

Dünyada koronavirusa təsdiqlənmiş ümumi yoluxma sayı 102 milyon 635 mini ötüb. Pandemiya qurbanlarının sayı 2 milyon 216 mindən yuxarıdır.

Koronavirusun yeni ştammlarının yayılmasının qarşısını almaq üçün bir sıra Avropa ölkələri sərhədləri bağlayır. İtaliyanın bəzi regionlarında isə məhdudiyyətlər yumşaldılır.

Bu gündən etibarən Böyük Britaniya, Portuqaliya, İrlandiya, Braziliya və Cənubi Afrika Respublikasından gələn şəxslərin Almaniyaya girişinə qadağa qoyulur. Müvafiq qərar bu ölkələrdə koronavirusun daha təhlükəli variantının yayılması ilə əlaqədar qəbul edilib. Fevralın 17-dək qüvvədə qalacaq qadağa Almaniya vətəndaşlarına və bu ölkədə yaşayış icazəsi olan əcnəbilərə şamil edilmir. Bununla belə, həmin şəxslər ölkəyə gəlməzdən 3 gün əvvəl federal polisi xəbərdar etməlidirlər.

Çexiya da yanvarın 30-dan ölkə sərhədlərini əcnəbilər üçün bağlayır. Yeni qaydalara görə, yalnız bu ölkədə təhsil alan, işləyən, yaşamaq icazəsi olan şəxslər, eləcə də tibbi məqsədlər, toy və dəfn mərasimlərində iştirak üçün gələnlər Çexiyaya buraxılacaqlar.

Fransa isə yanvarın 31-dən Avropa İttifaqı üzvü olmayan ölkələrdən gələnlər üçün sərhədləri bağlayır. Yalnız müvafiq sənəd əsasında vacib səfərlərə icazə veriləcək. Bundan əlavə, bazar günündən etibarən Fransada əksepidemioloji tədbirlər sərtləşdirilir. Ərzaq mağazaları istisna olmaqla, sahəsi 20 min kvadrat metrdən böyük olan ticarət mərkəzləri bağlanacaq. Polis sanitar qaydalara əməl olunmasına nəzarəti gücləndirəcək.

İtaliya isə virusoloqların xəbərdarlıqlarına baxmayaq fevralın 1-dən bir sıra regionlarda məhdudiyyətləri yumşaldır. Belə ki, 11 vilayətdə “narıncı təhlükə” səviyyəsi “sarı” ilə əvəz olunacaq. Bu regionlarda bütün ictimai iaşə obyektləri açılacaq.

 

Fərda Abasova

CANLI YAYIM