Bakıda “Qarabağ həftəsi” – İki gəncin 10 il ərzində yığdığı unikal eksponatlar nümayiş olunur

Bakıda “Qarabağ həftəsi” – İki gəncin 10 il ərzində yığdığı unikal eksponatlar nümayiş olunur

9 Fevral, 15:10 Sosial mediada paylaşın:

Bakıda Qarabağla bağlı unikal bir məkan yaradılıb. İki kolleksioner gəncin 10 illik zəhmətinin nəticəsi olan bu yerdə 21-ci əsr 19-cu əsrlə əvəzlənir. Burada “Qarabağ həftəsi” elan edilib.

Bu rəngarəng, sehirli məkan bizi 150 il əvvələ aparır. Burada hər şey Qarabağı xatırladır. Əşyaların hamısının mənəvi dəyəri və öz tarixçəsi var. O qədər zərif, zövqlü işlənilib ki, adam onlara toxunmağa belə ehtiyat edir.

Kolleksionerlərdən biri Ruslan Hüseynov qalereyada Qarabağ evlərinin modelinin də nümayiş olunduğunu deyir: “Torpaqlarımız düşməndən azad olundu. Təəssüf ki, orada olan evlərin heç biri salamat deyil. Biz də qərara gəldik ki, qalereyamızda Qarabağ ev interyeri, oradakı yaşam tərzini nümayiş etdirək. Göstərək ki, Qarabağlılar necə zəngin mədəniyyətə malik olub. Bu məqsədlə də “Qarabağ həftəsi” elan etdik”.

Axı bizim Qarabağımız zəngin keçmişə malikdir. Ulu yurd yerimizin sahib olduğu irsin təbliği isə çox vacibdir. Ona görə də 7 yaşdan yuxarı hər kəsə gəlib kolleksiyanı görmək imkanı yaradılır.

Digər kolleksioner Fuad Cəbrayılov deyir ki, buraya gələn hər kəs orijinal geyimlərlə tanış olur.

Qalereyada təkcə Qarabağ libasları deyil, digər bölgələrimizə aid milli geyim nümunələri, məişət əşyaları haqqında da bilgi verilir. Bütün məlumatlar elmi əsaslara söykənir. Belə unikal və zəngin xalq yaradıcılığı kolleksiyasını toplamaq isə asan deyil. Dünyanın ən gənc kolleksionerləri sırasında yer alan Fuad və Ruslan bütün bunları Azərbaycanın regionlarını qarış-qarış gəzərək yığıblar. Hamısını da şəxsi vəsaitləri ilə alıblar. Onlar ölkə xaricində də milli geyimlərlə bağlı tədqiqatlar aparırlar.

Qalereyada 4000-dən artıq muzey əhəmiyyətli milli libaslar, tikmələr, baş geyimləri və digər qiymətli eksponatlar nümayiş olunur. Gənclər deyirlər ki, kolleksiyanın toplanması qədər qorunması da böyük əziyyət tələb edir. Eyni layihənin mədəniyyət paytaxtı Şuşada həyata keçirilməsi isə ən böyük arzularıdır.

Gunel Habilqızı

CANLI YAYIM