“Yüz ilin adamları”nın ilk buraxılışı Banin barədə olub

“Yüz ilin adamları”nın ilk buraxılışı Banin barədə olub

15 Fevral, 15:40 Sosial mediada paylaşın:

Anonslarının yayıldığı vaxtdan tamaşaçı marağı ilə qarşılaşan “Yüz ilin adamları” layihəsinin ilk buraxılışı fevralın 14-də yayımlanıb.

Verilişin birinci buraxılışı ilk fransızdilli, beynəlxalq səviyyədə qəbul olunan yazıçımız Banin haqqındadır.

Verilişdə milyonçular Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri Mirzə Əsədullayevin qızı, Fransada məşhurlaşan qalmaqallı yazıçı Banin, yəni Ümmülbanu Əsədullayevanın mühacirətdən əvvəlki və sonrakı həyat yolu işıqlandırılıb.

Layihə komandası Baninin ədəbi varisi, dostu, tələbəsi ilə görüşüb, onun arxivini qoruyan ingilis zadəgan ailəsinin qonağı olub. Yaradıcı heyət Baninin şəxsi arxivini qoruyan şəxsləri Parisin 400 km cənubunda - Herbernak qəsəbəsində tapıb. Verilişdə onun arxivi, heç vaxt görünməyən foto və videoları yayımlanıb.

Bundan başqa, “Yüz ilin adamları”nda Baninin hələ sovet vaxtı Azərbaycanla əlaqələrini qurmasına vasitəçilik edən diplomat Ramiz Abutalıbovun da müsahibəsi yer alıb.

Sovet hakimiyyətinin Azərbaycanı işğal etməsindən sonra Əsədullayevlər ailəsi milyonlarını itirib, onlar Avropaya köçmək məcburiyyətində qalıblar. Bununla da Baninin mühacirət həyatı başlayıb. Parisdə yaşayan Banin gah katibə, gah dayə, gah model kimi çalışıb. O, dünyada model kimi çalışan ilk azərbaycanlı olub.

Verilişdə Baninin şəxsi həyatı, evlilikləri, yaradıcı fəaliyyəti ilə yanaşı, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq cəhdlərindən, ermənilərlə mübarizəsindən danışılıb, maraqlı faktlar təqdim olunub.

Məşhur yazıçı Ernst Yüngerlə Banin haqqında çəkilən filmin kadrarxası görüntüləri də ilk dəfə “Yüz ilin adamları”nda geniş auditoriyaya təqdim olunub.

CANLI YAYIM