Prezident İlham Əliyevin Paşinyanla Münxendəki tarixi debatından 1 il keçdi

Prezident İlham Əliyevin Paşinyanla Münxendəki tarixi debatından 1 il keçdi

15 Fevral, 16:50 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən panel müzakirələr zamanı Ermənistanın baş naziri Nikol Paşinyana tarixi dərs verməsindən bir il keçir.

2020-ci il fevralın 15-də baş tutan bu strateji debatda səslənən bəyanatlar Azərbaycan ərazilərinin işğalına son qoyan 44 günlük müharibə nəticəsində həqiqi təsdiqini tapdı. Bir sözlə, Münxendən başlanan siyasi-diplomatik zəfər 2020-ci il noyabrın 10-da Ermənistanın hərbi kapitulyasiya aktını imzalaması ilə başa çatdı.

Münxen Təhlükəsizlik Konfransı Prezident İlham Əliyevin hər zaman xüsusi önəm verdiyi formatlardan biridir. Konfrans çərçivəsində ötən il təşkil olunan müzakirələrdə ən yaddaqalan hadisə, şübhəsiz, Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ problemi ətrafında debatının təşkili sayılmalıdır. Bu debat Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazıldı, Münxendə Prezident İlham Əliyevin siyasi təcrübəsi, rəqibi çıxılmaz vəziyyətə salan sərrast cavabları, çevik məntiqi və rasional-effektiv nitqi ilə dünya ictimaiyyəti Azərbaycanın ədalətli, baş nazir Nikol Paşinyanın qeyri-səlis, məntiqsiz, savadsız, təcrübəsiz çıxışı sayəsində Ermənistanın haqsız, təcavüzkar tərəf olduğuna bir daha şahidlik etdi.

“Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o, tərəf deyil və biz onlarla danışmayacağıq. Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa o zaman hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin”. Bu, Azərbaycan dövlət başçısının Münxen konfransı formatında erməni yalanlarını ifşa etdiyi, tarixi və müasir həqiqətlərə dair mükəmməl çıxışının cüzi bir hissəsidir.

Münxenə gəldiyinə peşman olan Paşinyan isə Prezident İlham Əliyevin dəmir məntiqi, yüksək intellekti və peşəkar danışıq tərzi qarşısında aciz duruma düşür, özünü itirir, dil bilmədiyi ucbatından kobud səhvlərə yol verir və faktiki olaraq özünü ifşa edir. Beləliklə, Münxen forumu ilə Azərbaycanın Dağlıq Qarabağ müharibəsindəki tarixi zəfərinin başlanğıc nöqtəsi qoyuldu. Buna qədər erməni liderləri Praqa, Valday, Aşqabad, Münxendən sonra isə Şərq Tərəfdaşlığı sammiti, BMT Baş Assambleyasının sessiyası və digər tribunalarda acınacaqlı aqibətlə üzləşdilər.

Azərbaycan Prezidentinin Münxendə sistemli, dəqiq düşünülmüş arqumentlərlə həm Nikol Paşinyana, həm də ona dəstək verən qüvvələrə sözün əsl mənasında, “master-klass” keçməsi, əslində, dünya ictimaiyyətinə bir mesaj da sayıla bilər.

Diplomatiya çox mürəkkəb bir oyundur və bu oyundan heç də hər zaman və hər kəs qalib çıxa bilmir. Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev növbəti dəfə sübut etdi ki, o, böyük bir siyasi irsin daşıyıcısıdır və bu irs xalqının maraqlarını ən mürəkkəb vəziyyətlərdə belə qorumaq imkanını təmin edir. Sözlə əməli bir olmayan, millətin gücünə və ədalətə söykənməyən liderlər isə məşhur amerikalı politoloq Zbiqnev Bjezinskinin yazdığı kimi, “Böyük şahmat lövhəsi”ndən heç vaxt qalib çıxa bilməzlər.

Malik Həsənov

 

 

CANLI YAYIM