“Qafqazın Xerosiması”ndan “ağıllı kənd”, “ağıllı şəhər”ə doğru: bərpa konsepsiyası - TƏHLİL

“Qafqazın Xerosiması”ndan “ağıllı kənd”, “ağıllı şəhər”ə doğru: bərpa konsepsiyası -TƏHLİL

16 Fevral, 12:50 Sosial mediada paylaşın:

İşğal faktının aradan qaldırılması Azərbaycanın iqtisadiyyatına yeni drayverlər qazandıracaq,  şaxələndirilmə siyasətinə əlavə impuls verəcək. Bu, həm də regionda ən müasir texnologiyalara, yeniliklərə söykənən yenidənqurma dövrünün başlanğıcıdır. Qarabağ düşmənin viran qoyduğu “Qafqazın Xerosiması”ndan “ağıllı kəndlər”ə, “ağıllı şəhərlər”ə çevriləcək.

“Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir”, - bu sözləri Prezident İlham Əliyev Zəngilana səfəri zamanı bildirib.

Azərbaycan dövlətinin bərpa prosesi ilə bağlı konspesiyası aydındır: bölgə “yaşıl zona”ya çevriləcək, müasir günəş, su, külək stansiyaları vasitəsilə alternativ enerji potensialı realizə olunacaq. Təkcə Laçın rayonunda dağıdılmış 5, Kəlbəcər rayonunda isə 12 su elektrik stansiyası yenidən qurulacaq.

Bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavata bərabər olacaq. İranla birgə qurulacaq “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarından da bu qədər enerji əldə olunacaq.

“Güləbird” Su Elektrik Stansiyasının açılışı işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsi olmaqla tarixi və əlamətdar hadisədir. “Güləbird” SES təxminən 7000 nəfər insanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Ümumiyyətlə, bu stansiyaların əhəmiyyəti ondadır ki, enerjinin maya dəyəri aşağı düşür, enerji mənbələri həm də çeşid baxımından şaxələndirilir.

Ölkə başçısı bu barədə də işğaldan azad olunmuş torpaqlara səfəri zamanı açıqlama verib: “Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər”.

Qurulan nəqliyyat infrastrukturu da bölgənin investorlar üçün cazibədarlığını artıracaq. Yeni nəqliyyat dəhlizlərinin yaradılması bütün bölgənin inkişafına yeni impuls verəcək. Dünən bünövrəsi qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu düz Naxçıvana qədər uzanacaq. Bu, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın növbəti – 9-cu bəndinin icrasının başlanğıcı kimi də şərh oluna bilər. Naxçıvanın blokadadan çıxmasını şərtləndirəcək bu dəhlizin açılması sıradan bir nəqliyyat xətti deyil, xüsusi iqtisadi və siyasi əhəmiyyəti olan tarixi hadisə olacaq.

Beləliklə, Azərbaycan bütün bölgəyə yeni dinamizm gətirməklə yanaşı, tədricən Qarabağa qaynar həyatı qaytaracaq. İnsanların təbəssümü, uşaqların gülüşü ilə isinən həyatı.

Vüsal Məmmədov

CANLI YAYIM