Dünyada koronavirusa yoluxma 16 faiz, xəstəlikdən ölüm isə 10 faiz azalıb

Dünyada koronavirusa yoluxma 16 faiz, xəstəlikdən ölüm isə 10 faiz azalıb

17 Fevral, 10:49 Sosial mediada paylaşın:

Son statistikaya görə, dünyada yeni növ koronavirusa yoluxanların sayı 110 milyonu ötüb. İndiyədək 2 milyon 430 minə yaxın insan bu xəstəlikdən dünyasını dəyişib. COVID-19-un müxtəlif mutasiyalarına yoluxmaların artması ciddi narahatlıq doğurur.

Son bir həftə ərzində dünyada koronavirusa yoluxma halları əvvəlki həftə ilə müqayisədə 16%, xəstəlikdən ölüm halları isə 10% azalıb. Bu məlumat Dünya Səhiyyə Təşkilatının həftəlik bülletenində yer alıb. Yeni yoluxma hallarının sayına görə ABŞ yenə də ilk sıradadır. Onun ardınca siyahıda Braziliya, Fransa, Rusiya, Böyük Britaniya gəlir. COVID-19-un daha yoluxucu ştammlarının yayılması ciddi narahatlıq doğurur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, koronavirusun “Britaniya” variantı 94, “Cənubi Afrika” variantı 46, “Braziliya” variantı isə 21 ölkədə qeydə alınıb.

Avropa Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi də bu məsələ ilə bağlı narahatlığını ifadə edib. Qurum Avropa İttifaqına üzv ölkələri səhiyyə sahəsində ciddi tədbirlər görməyə çağırıb. İlk dəfə Britaniyada aşkar olunmuş “B117” variantı İrlandiyada yoluxma hallarının 75, Portuqaliya və Danimarkada 45 faizini təşkil edir.

COVID-19-la əlaqədar ən çox diqqət çəkən xəbərlər peyvəndlərlə bağlıdır. Macarıstan Çinin “Sinopharm” şirkətinin vaksinini əldə edən ilk Avropa İttifaqı ölkəsi olub. Artıq ölkəyə 550 min doza preparat gətirilib. Macarıstan Səhiyyə Nazirliyinin məlumatına görə vaksinasiya kampaniyası yoxlamalardan sonra başlayacaq. Ümumilikdə, ölkəyə 5 milyon doza Çin peyvəndinin gətirilməsi planlaşdırılır. Bundan əlavə, Macarıstan Rusiya istehsalı olan “Sputnik V” vaksinini də sifariş verib.

Fərda Abasova

CANLI YAYIM