Kəlbəcərə yeni yol çəkilir... – Oraya getmək, yaşamaq, yaratmaq arzumuzun yolu

Kəlbəcərə yeni yol çəkilir... – Oraya getmək, yaşamaq, yaratmaq arzumuzun yolu

2 Aprel, 13:00 Sosial mediada paylaşın:

1993-ci il aprelin 2-si tarixə faciəvi, nisgilli günlərimizdən biri kimi düşdü. Həmin gün ermənilər Azərbaycanın tarixi ərazisi, ən böyük rayonlarımızdan olan Kəlbəcəri işğal etməklə necə-neçə günahsız azərbaycanlı ailənin ocağını söndürdü, evini viran qoydu, vəhşicəsinə dədə-baba torpağından çıxardı. Bu yolda itkilərimiz çox oldu, şəhidlər verdik. 27 il hər birimiz kəlbəcərli kimi o yurdun həsrəti, nisgili, qovuşmaq arzusu ilə yaşadıq. Kəlbəcərə qayıdacağımızla bağlı ümidimizi, inamımızı bir gün də olsun itirmədik. Ali Baş Komandanın Kəlbəcərin yağı düşməndən azad olunması ilə bağlı bizə  göz aydınlığı verəcəyi günü böyük səbirsizliklə gözlədik. 

O gün yetişdi və 2020-ci il noyabrın 25-də ölkə başçısı o xəbəri verdi: “Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu”.

Vətən müharibəsində Azərbaycan 30 illik işğala 44 gündə son qoymaqla şanlı tarix yazdı. Məhz Ordumuzun bu böyük zəfəri, Prezident İlham Əliyevin qətiyyəti, həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti sayəsində düşməni kapitulyasiya aktına qol çəkməyə məcbur edərək çətin relyefə, sərt iqlimə, strateji yüksəkliklərə malik olan Kəlbəcəri döyüşsüz, itki vermədən geri qaytardıq.

Füsunkar təbiətə, zəngin təbii ehtiyatlara, turizm potensialına malik Azərbaycanın ən böyük dağ rayonu olan Kəlbəcərə ermənilər qarətçi kimi gəlib, qarətçi kimi də getdilər. Rayonu tərk edərkən götürə bildiklərini daşıdılar, götürə bilmədiklərini isə yandırıb viran qoydular.

“Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb”, - deyə ölkə başçısı bildirmişdi.

İndi işğaldan azad olunan digər rayonlarımız kimi Kəlbəcərə də yeni nəfəs gəlir. Dövlət başçısı bu rayonların yenidən dirçəldilməsi ilə bağlı mühüm tapşırıqlar verib. Kəlbəcərlə bağlı infrastruktur layihələri icra edilməyə başlayıb, rayona yeni yol çəkilir. Bu yol bütün kəlbəcərlilərin rayona  getmək, orada yaşamaq, yaratmaq arzusunun yolu olacaq.

Südabə Cahangirli

 

 

CANLI YAYIM