Azərbaycan Prezidenti Aleksandr Lukaşenko ilə Qarabağın bərpasını müzakirə edəcək

Azərbaycan Prezidenti Aleksandr Lukaşenko ilə Qarabağın bərpasını müzakirə edəcək

14 Aprel, 13:35 Sosial mediada paylaşın:

“Dünən bizim qeyri-rəsmi formatda ünsiyyət saxlamaq, ikitərəfli gündəliyə aid məsələlərin geniş spektrini, regional problemləri müzakirə etmək imkanımız oldu. Bu gün dialoqumuzu davam etdiririk”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşündə deyib.

Dövlətimizin başçısı deyib: “Ölkələrimiz arasında münasibətlərin inkişafına görə çox şadam. Sizinlə biz əlaqələrimizə elə dinamizm gətirmişik ki, bütün istiqamətlər üzrə inkişaf olduğunu, razılaşdırdığımız məsələlərin praktiki həllini görürük. Qarşılıqlı səfərlərimiz müntəzəm xarakter daşıyır. Mən Belarusa səfərlərimi, Sizin Azərbaycana səfərlərinizi yaddaşımda təzələmişəm. Bütün bunlar ölkələrimiz arasında sıx qarşılıqlı siyasi əlaqə, yüksək səviyyədə etimad olduğunu və nəticəyə hədəflənməyimizi göstərir. Odur ki, qarşılıqlı iqtisadi fəaliyyət çərçivəsində yaxşı nəticələr görürük. Keçən il pandemiyaya baxmayaraq, bizim əmtəə dövriyyəmiz artıb, Azərbaycandan Belarusa ixrac da artıb. Ona görə bu gün sənaye kooperasiyası ilə bağlı məsələləri də daha ətraflı müzakirə edəcəyik. Sizinlə birgə qərarımıza əsasən artıq çoxdandır ki, Gəncədəki sənaye müəssisəsi fəaliyyət göstərir”.

Prezident İlham Əliyev belaruslu həmkarı ilə Qarabağ barədə də müzakirə aparmaq istədiyini qeyd edib: “Qarabağın bərpası ilə bağlı məsələləri də Sizinlə müzakirə etmək istərdim. Belarus şirkətlərinin öz ölkənizdə aqrosənaye kompleksləri yaradılması təcrübəsi bizə məlumdur. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu, əlbəttə, xüsusi yer tutur.

Sevindirici haldır ki, biz iştirak etdiyimiz beynəlxalq strukturlarda bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Yəni bizim münasibətlərimiz hər hansı problemlərdən tamamilə uzaqdır. Bizim müntəzəm əlaqələrimiz sadəcə görülmüş işlərə yekun vurmağa, növbəti addımları ölçüb-biçməyə və iki dost, iki tərəfdaş kimi irəliləməyə imkan verir”.

CANLI YAYIM