Oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür

Oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür

15 Aprel, 11:30 Sosial mediada paylaşın:

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür. O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib.

Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva. XX əsrin payına düşən görkəmli Azərbaycan qadınlarından və alimlərindən biri.

O, sadə ailənin övladı deyildi. Z.Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şərur rayonunun Şahtaxtlı kəndində görkəmli alim, elm adamı, dövlət xadimi Əziz Əliyevin ailəsində doğulub. Atasına sevgisi onun sənət seçimini də müəyyən edir. Azərbaycan Tibb İnstitutunda, sonra Moskvada təhsil alır. Malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atasının estafetini uğurla davam etdirir. Sonra oftalmologiyanın elmi cəhətdən az öyrənilən sahəsi – görmə orqanının patologiyası ilə məşğul olur. İlk dəfə sənayenin müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparır, ilk elmi-tədqiqat laboratoriyası yaradır, “Peşə oftalmologiyası”nın əsasını qoyur. Moskvada doktorluq dissertasiyası müdafiə edir. 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın idi. Əcnəbi həmkarları onu “Oftalmologiyanın mirvarisi” adlandırıblar...

Zərifə Əliyeva 1977-ci ildə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, 1982-ci ildə isə həmin kafedranın müdiri, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilir...

Onun elmi-pedaqoji fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə güclü təsir göstərib. Zəngin elmi irsi isə bu gün də aktuallığını itirməyən dəyərli mənbədir.

Böyük ictimai xadim kimi də səmərəli fəaliyyət göstərən Zərifə Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini olub.

Zərifə xanım insan kimi də xatirələrdə silinməz iz qoyub. Professor N.B.Şulpina deyirdi: “...Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik”.      

Onu bir nəfər də sevirdi, amma fərqli məhəbbətlə. Bu, az sonra xalqının milli liderinə çevriləcək Heydər Əliyevin sevgisi idi

Heydər Əliyev kimi dahi ilə həyatda birgə addımlaması Zərifə xanımın qadın kimi xoşbəxtliyi idi. Elə özü də ona xoşbəxtlik gətirmişdi, ailəsinə bu qədər bağlı olan nəcib bir qadının varlığı Heydər Əliyev üçün mənəvi rahatlıq idi. Hər gün bu mənəvi rahatlıqla işə yollanır, Azərbaycanın və xalqının sabahı üçün böyük qərarlara imza atırdı.

Analıq isə onun ömrünün zirvəsi idi, onun qadın gözəlliyini, qadın zənginliyini tamamlayırdı. 

O, övladlarına vətəni sevməyi öyrətmişdi. Azərbaycanın 30 illik işğaldan sonra əldə etdiyi böyük zəfərdə bir ananın verdiyi bu öyüdün, bu tərbiyənin zirvəsini gördük. 

Allah ona insanın arzulaya biləcəyi bütün xoşbəxtlikləri bəxş etmişdi. Amma ömür payı çox az oldu – 62 il. 1985-ci il aprelin 15-də Moskvada dünyasını dəyişdi və orada da dəfn olundu.

1994-cü il. Heydər Əliyev vəfalı ömür-gün yoldaşı Zərifə Əliyevanın nəşini Bakıya gətirdi, Fəxri Xiyabanda, atası Əziz Əliyevin məzarının yanında torpağa tapşırdı.

Bu gün Fəxri Xiyabanda iki qonşu məzardan birində dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri Heydər Əliyev, digərində isə bütün ömrü boyu öz həyat yoldaşına mənəvi dayaq olmuş əsl insan, gözəl alim və müqəddəs ana – Zərifə xanım Əliyeva uyuyur. Məzarları üstündə qalaqlanan gül-çiçək çələngləri isə elə hər gün təzələnir...

Bəli, xalq unutmur – yolunu, ruhunu, gözünü bəyaz işığa qərq edənləri heç vaxt unutmur!..   

Firuzə Nadir

CANLI YAYIM