COVID-19-la bağlı yeni iddia: süni şəkildə yaradılıb, genetik iz qoyur

COVID-19-la bağlı yeni iddia: süni şəkildə yaradılıb, genetik iz qoyur

8 İyun, 11:30 Sosial mediada paylaşın:

Son rəsmi statistikaya əsasən, dünyada yeni növ koronavirusa yoluxanların sayı 174 milyon 400 mini ötüb. İndiyədək infeksiyaya yoluxanların 3 milyon 752 mindən çoxu həyatını itirib.

Hindistanda son iki ayda ilk dəfə sutkalıq yoluxma sayı 100 mindən aşağı düşüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Rəsmi rəqəmlərə görə, koronavirusa ümumi yoluxanların sayı 29 milyona yaxınlaşır.

Çinin Quançjou şəhərində COVID-19-un “Hindistan” variantına yoluxma hallarının aşkarlanması ilə əlaqədar əlavə məhdudiyyət tədbirləri görülüb. Sakinlər şəhərdən kənara yalnız vacib hallarda və koronavirus testinin neqativ nəticəsini təqdim etməklə çıxa bilərlər. Şəhərin iki rayonunda isə sakinlərin evlərini tərk etməsinə qadağa qoyulub.

Peyvəndlərlə bağlı araşdırmalara da ara verilmir. Növbəti yenilik “AstraZeneca” və “BioNTeh/Pfizer” preparatları ilə bağlıdır. Almaniyanın Saar Universitetinin mütəxəssisləri belə nəticəyə gəliblər ki, sözügedən vaksinlərin kombinasiyası koronavirusa qarşı daha effektiv təsirə malikdir. Tədqiqatlar 3 qrupa ayrılmış 250 nəfərin üzərində aparılıb. 1-ci qrupa yalnız “AstraZeneca”, 2-ci qrupa “Bionteh/Pfizer”, 3-cü qrupa isə preparatların hər ikisi vurulub.

ABŞ-ın “Moderna” şirkəti preparatının 12 yaşdan yuxarı uşaqların vaksinasiyası üçün qeydiyyata alınması ilə bağlı Avropa Dərman Vasitələri Agentliyinə müraciət edib. Agentlik “yaşıl işıq” verəcəyi təqdirdə “Moderna” vaksini  BioNTech/Pfizerdən sonra Avropa İttifaqında yeniyetmələrin vaksinasiyasına icazə verilən ikinci preparat olacaq.

ABŞ-da yeni növ koronavirusun laborator mənşəyinin olması ilə bağlı növbəti fikirlər səsləndirilib. “COVID-19 virusu bundan əvvəl təbii mənşəyi olan koronaviruslarda rast gəlinməyən genetik izə malikdir. Bu isə COVID-19-un süni mənşəyinin olduğunu göstərir”, - deyə Kaliforniyanın Berkli Universitetinin alimləri “The Wall Street Journal” qəzetində dərc edilən məqalədə bildiriblər.

Xavər Əliyeva

CANLI YAYIM