Bakıda dezinfeksiya işləri aparılır

Bakıda dezinfeksiya işləri aparılır

11 Sentyabr, 11:36 Sosial mediada paylaşın:

Ölkədə koronavirus pandemiyasına yoluxanların sayı yenə yüksək həddə olduğundan vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədilə paytaxt Bakı şəhərində genişmiqyaslı kompleks tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində şəhərin bütün rayonlarında Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə ictimai nəqliyyat, ticarət və digər obyektlərdə, qapalı yerlərdə gündəlik reydlər və maarifləndirmə işləri aparılır və tibbi maskalar paylanılır. Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabr ayının 11-i səhər saatlarından etibarən İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinlərinə KİV-lər vasitəsilə əvvəlcədən xəbərdarlıq edilib.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları dezinfeksiya həftəliyi çərçivəsində Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər.

CANLI YAYIM