Füzuli Beynəlxalq Hava Limanı istismara hazırdır

Füzuli Beynəlxalq Hava Limanı istismara hazırdır

26 Oktyabr, 11:22 Sosial mediada paylaşın:

44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra Azərbaycan sürətli şəkildə Qarabağın bərpasına başlayıb. Zəfər yolu inşa olunur, tarixi və mədəni abidələr restavrasiya olunur, zəruri infrastruktur yaradılır. Bu infrastrukturun əsas tərkib hissəsi isə ölkəmizə həm də iqtisadi üstünlük gətirəcək, bölgənin xarici bazarlara çıxışını təmin edəcək hava limanlarının tikintisidir. Artıq Füzuli Beynəlxalq Hava Limanı istismara tam hazırdır.  

Füzuli rayonunda hava limanının təməli Prezident İlham Əliyevin iştirakı ilə bu il yanvarın 14-də qoyulub. Beynəlxalq uçuşlar üçün açıq olan hava limanı ən yüksək beynəlxalq standart və normalara uyğun tikilib. Bu aeroport istənilən növ təyyarəni qəbul etmək imkanına malikdir. Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib. AZAL-ın ən böyük sərnişin təyyarəsi – “Airbus A340-500” aeroporta enib.

Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli təyyarə də bu hava limanına enişi ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırıb. Hava limanında uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemi ilə tam təchiz edilmiş 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib. Perronun sahəsi 60 min kvadratmetrdir. Ekspertlər deyir ki, Füzuli Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionuna daxil olan rayonların investisiya imkanını artırır. 

Laçın və Zəngilanda tikiləcək hava limanlarının texniki göstəriciləri də məlumdur. 2021-2023-cü illərdə yekunlaşdırılması planlaşdırılan Laçın Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 2,8 min metr, uçuş-enmə zolağının eni  60 metr, perronun sahəsi 60 min kv.metr, yönəldici yolların sahəsi 64 min kv.metr təşkil edəcək. 

Zəngilan aeroportunun uçuş-enmə zolağının uzunluğu isə 3 min, eni 60 metr, perronun sahəsi 60 min kv.metr, yönəldici yolların sahəsi 6360 kv.metr olacaq.

Qarabağda və Şərqi Zəngəzurda aeroportların inşası bir də ona görə əhəmiyyətli hadisədir ki, bu layihələr işğaldan azad edilmiş ərazilərimizdə xarici iş adamlarının bu bölgəyə investisiya yatırmasına yeni  imkanlar yaradacaq. Nəticədə işğaldan azad olunmuş torpaqların abadlaşması və sürətlə qurulması prosesi sürətlənəcək.

Samir Oruc

CANLI YAYIM