“Koronavirus infeksiyasının yeni mutasiya olan “Omikron” variantının inkişaf gedişatı və yoluxduruculuğu ilə bağlı məlumatların yaxın günlərdə bəlli olacağı gözlənilir. Ölkənin səhiyyə qurumları yeni ştamı, dünya ölkələrinin mutasiyalarla bağlı təcrübələrini izləyir və yeni yoluxma hallarını nəzarətdə saxlayır”.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.
Bildirilir ki, yeni “Omikron” variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur: “Aparılan tədqiqatlardan əldə olunmuş nəticələr bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır”.
Səhiyyə qurumları vətəndaşları yayılan yeni ştamdan qorunmaq üçün buster doza ilə peyvəndləməyə, xüsusi karantin rejiminin qaydalarına riayət etməyə çağırır.