“El atası” xalq arasında

“El atası” xalq arasında

19 Yanvar, 10:48 Sosial mediada paylaşın:

Məşhur milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyev Bakıda, İçərişəhərdə, başmaqçı Məhəmmədtağı Tağıyevın ailəsində dünyaya göz açıb. Onun çoxşaxəli sahibkarlıq və ictimai-siyasi fəaliyyəti Azərbaycanın iqtisadi və mədəni inkişafına yönəlmişdi. Bu gün Azərbaycan xalqı və dövləti görkəmli şəxsiyyətin əvəzsiz xidmətlərini yüksək tutur. Elə bunun nəticəsidir ki, şəhərin ən gözəl yerlərindən birində Tağıyevin heykəli ucalır. 

Kino, teatr, musiqi, dekorativ-tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və Prezident İlham Əliyevin bu sahələrin inkişafı ilə bağlı sərəncamları onu təsdiqləyir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət var. Tağıyevin  şəhərin mərkəzində qurulan abidəsi bunun əyani sübutudur.

H.Z.Tağıyev yalnız böyük sərvət sahibi kimi deyil, həm də özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalıb. Elə buna görə hələ sağlığında Hacı “el atası” adını almışdı. O, dəfələrlə Bakı Dumasının üzvü seçilib, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirəsində iştirak edib. Tağıyev nəinki faydalı təkliflərin təşəbbüskarı kimi onlara səs verib, həm də öz vəsaiti ilə belə təkliflərin həyata keçməsinə köməklik edib.

Tağıyevin heykəlinin müəllifi Xalq rəssamı Xanlar Əhmədov da  tarixi şəxsiyyətin kimliyi haqda məlumat verən bu məqamları heykəltəraşlıq nümunəsində əks etdirib. Əsasən dəzgah və monumental heykəltəraşlıq sahəsində işləyən Xanlar Əhmədov bir sıra məşhur layihələrin müəllifidir.

H.Z.Tağıyev əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoydu. Onun çoxşaxəli sahibkarlıq, ictimai-siyasi fəaliyyəti Azərbaycanın iqtisadi və mədəni inkişafına yönəlmişdi. Bu səbəbdən günümüzdə əldə olunan bır sıra uğurların təməlində də məhz Tağıyev kimi şəxslərin imzası dayanır.

Samir Oruc

CANLI YAYIM