Peyvəndlənməyənlər cərimə olunacaqlar - Aİ-də ilk

Peyvəndlənməyənlər cərimə olunacaqlar - Aİ-də ilk

21 Yanvar, 11:02 Sosial mediada paylaşın:

Koronavirusa yoluxmaların qarşısını almaq üçün bir sıra ölkələrdə vaksinasiya ilə bağlı yeni qaydalar tətbiq olunur.

Avstriya Avropa İttifaqında ilk dəfə olaraq yetkinlik yaşına çatmış bütün şəxslərin məcburi peyvəndlənməsinə dair qanunu qəbul edib. Bir neçə saat davam edən müzakirələrdən sonra parlamentin aşağı palatası hakim koalisiyanın təqdim etdiyi qanun layihəsini dəstəkləyib. Yeni qanun fevralın 4-də qüvvəyə minəcək. Martın ortalarına kimi bütün vətəndaşlar peyvəndləmənin vacibliyi ilə bağlı yazılı şəkildə məlumatlandırılacaqlar. Bundan sonra vaksin vurdurmaqdan imtina edənlər 3600 avroyadək cərimələnə bilərlər. Peyvəndləmənin təşviqi məqsədilə bir sıra tədbirlər, o cümlədən vaksinasiyadan keçmiş şəxslər arasında lotereyaların keçirilməsi planlaşdırılır.

Fransada isə gələn həftədən vaksin sertifikatına dair qanun qüvvəyə minir. Bu barədə Baş nazir Jan Kasteks məlumat verib. Yanvarın 24-dən etibarən kafe, teatr və digər ictimai yerlərə daxil olmaq üçün vətəndaşlar peyvəndləməni təsdiqləyən sənəd təqdim etməlidirlər. Hökumət başçısı Fransanın pandemiyanın beşinci dalğası ilə üzləşdiyini, bu dalğa başlayandan 5 milyon nəfərin COVID-19-a yoluxduğunu bildirib. Jan Kasteks real rəqəmlərin bundan çox – 10 milyona yaxın ola biləcəyini istisna etməyib. Hökumət vaksin sertifikatlarının tətbiqi ilə “buster” dozanı vurduranların sayının artacağına ümid edir.

ABŞ ölkəyə gələnlərlə bağlı yeni qaydaları açıqlayıb. Daxili Təhlükəsizlik Nazirliyinin açıqlamasına görə, yanvarın 22-dən etibarən ölkə sərhədini keçən bütün əcnəbi vətəndaşlardan tam vaksinasiyanı təsdiqləyən sənəd tələb olunacaq. Müvafiq qayda Birləşmiş Ştatlar vətəndaşları və ölkədə daimi yaşayış icazəsi olanlara şamil edilmir. Bu addım səhiyyə sisteminin yükünü yüngülləşdirmək məqsədi daşıyır.

CANLI YAYIM