aztv-banner

Vətən müharibəsinin xronikası: 15 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.
• Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib.
• Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.
• Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi zamanı qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində üç nəfər həlak olub, beş nəfər xəsarət alıb. Beləliklə, düşmənin mülki əhalini atəşə tutması nəticəsində həlak olanların sayı 46-ya, xəsarət alanların sayı 223-yə çatıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında Ermənistan ordusunun Tərtər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən atəşə tutması ilə bağlı paylaşım edib. Mehriban Əliyeva dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb, həlak olanların ailələrinə və doğmalarına başsağlığı verib.
• Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksini, 4 ədəd BM-21 “Qrad” YARS qurğusunu, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd “D-1” haubitsa topunu, bir neçə PUA-sını və avtomobil texnikasını məhv edib. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

44 GÜN QARABAĞA DOĞRU

ZƏFƏRİN HƏR ANI

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan bəyənata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

44 günün qısa xronikası

CANLI YAYIM