MOZALAN
ƏYLƏNCƏ

MOZALAN

Vaxtı ilə “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılan “MOZALAN” satirik kinojurnalının təsis edildiyi tarix 1971-ci ilə təsadüf edir. Kinojurnalın əsas məqsədi neqativ hallara qarşı mübarizə aparmaq, ictimai çatışmazlıqları satira dili ilə xalqa çatdırmaq olub. Sənədli süjetlərdə bir anda müxtəlif məkanlarda, əsasən də, istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əskikləri lentə almaq, bütün ölkəni xəbərdar etmək mozalançıların əsas iş üsullarından idi. Elə bu səbəbdən də “MOZALAN” tamaşaçılar tərəfindən sevilirdi.
Artıq “MOZALAN”ın yaranmasından 50 ilə yaxın vaxt keçir. Azərbaycan Televiziyası cəmiyyətimizin tənqidi fikrə daha çox ehtiyacı olduğunu nəzərə alaraq Mədəniyyət Nazirliyi ilə birlikdə “MOZALAN” satirik kinojurnalının çəkilişlərini bərpa etmək haqqında razılığa gəlib. İlkin mərhələdə “MOZALAN” studiyasında son 5 ildə çəkilən və heç bir televiziyada göstərilməyən çarxlar nümayiş olunub. Paralel olaraq yeni çarxların çəkilişlərinə start verilib. Yeni çarxlar razılığa əsasən Azərbaycan Televiziyasının və Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında çəkilir.
Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı və tanınmış aktyorların rol aldığı “MOZALAN” satirik kinojurnalı insanları maarifləndirmək məqsədilə öz çəkilişlərində cəmiyyətimizdə tüfeyliliyə şərait yaradanları, rüşvətə yol açanları, əxlaq prinsiplərini pozanları və digər sahələrdə baş verən neqativ halları tənqid atəşinə tutmaqda davam edəcək...

21:30 / Şənbə

CANLI YAYIM