Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlamasından iki il ötür. Sözügedən müddətdə bu xətlə 275 min ton yük daşınması təmin edilib.
AZTV.AZ xəbər verir ki, sözügedən dəmir yolu ilə sərnişin daşınmasının yaxın dövrlərdə reallaşdırılacağı gözlənilir. Belə ki, Azərbaycan tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşımalarına tam hazırdır. Bu istiqamətdə istismar üçün 10 vaqon alınıb, daha 10-nun isə gələn ilin əvvəlində gətirilməsi nəzərdə tutulur. Bakı-Tbilisi-Qars-Ankara marşrutu üzrə hərəkət edəcək sərnişin qatarlarının Gürcüstan ərazisində mürəkkəb relyefə malik dəmir yolu ilə təhlükəsiz hərəkəti üçün vaqonlarda və lokomotivdə əyləc sisteminin tam sınaqdan keçirilməsi davam etdirilir.
Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, Gürcüstan Dəmir Yollarına məxsus lokomotivlərdə əyləc sistemi ilə bağlı problemlər mövcuddur: “Məsələ yaxın vaxtlarda həllini tapmasa, Azərbaycan Dəmir Yolları Gürcüstan tərəfinə öz lokomotivlərini təklif edəcək. Bu məsələ həll edildikdən sonra biz sərnişin qatarlarını xəttə buraxa bilərik. Bir-iki ay gözləyəcəyik və görsək ki, bu məsələ həll olunmur, onda özümüz elektrovozlarımızı və yaxud da dizel lokomotivlərimizi təklif edəcəyik. Çalışacağıq razılaşdıraq ki, sərhədə qədər deyil, Türkiyə sərhədinədək - Axalkalakiyə qədər özümüz aparaq”.
2017-ci il oktyabrın 30-dan fəaliyyətdə olan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə indiyədək 275 min ton yük daşınıb. Eləcə də, Türkiyə, Azərbaycan və Rusiya arasında imzalanan “Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə əməkdaşlığa dair anlaşma memorandumu”na əsasən, Rusiyadan xətt vasitəsi ilə qısa müddətdə 1 milyon, orta müddətdə isə 3-5 milyon ton kömür, taxıl və metal daşınması nəzərdə tutulub. Ötən həftə ölkəmizə daxil olan 42 vaqonluq Çin-Avropa qatarı ilə tarixdə iki ilkə imza atılıb. Birincisi, bu, Çindən Avropaya “Orta Koridor” Dəmir İpək Yolu vasitəsi ilə hərəkət edən ilk qatardır. İkincisi, Marmaray kanalı vasitəsi ilə Avropaya keçən ilk beynəlxalq yük qatarıdır.
Bakı-Tbilisi-Qars vasitəsilə Rusiyadan yeni Şimal-Cənub dəhlizi də yaradılıb. Bu dəhlizdən Türkiyənin İsgəndərun limanına poladın daşınmasına başlanılıb. Bakı-Tbilisi-Qars Mərkəzi Asiya ölkələrinin Avropa və dünya bazarlarına çıxışını asanlaşdırıb. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlbi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq.
Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti ilə Azərbaycanın tranzit imkanları daha da artıb. Bu ilin 9 ayında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin vasitəsi ilə 24 min 305 ədəd konteyner aşırılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,5 faiz artım deməkdir. Qeydə alınan bu artımda Çindən gələn konteynerlərin sayını xüsusi vurğulamaq lazımdır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə məhz Çindən gələn konteynerlərin sayı artaraq 2 min 610 ədəd təşkil edib.