Cəmiyyət

3 dekabr Beynəlxalq Əlillər günüdür

03-12-2013 | 10:35        

  

3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb. Ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb. 1997-2003-cü illərdə 508 ailə mənzillə, 138 ailə isə fərdi evlə təmin olunub. 1998-2002-ci illərdə 1090 nəfər əlilə minik avtomobili verilib...

...Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə qanunvericilik təkmilləşdirilib. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reablitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Paytaxtda və bölgələrdə yeni reablitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi də xüsusi diqqətdə saxlanılır. 

...Dövlət başçısının tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Əlil və şəhid ailələri üçün 2006-ci ildə 434, 2007-ci ildə 943 mənzil istifadəyə verilib. 2008-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 396 mənzil tikilib. 2009-cu ildə bu rəqəm 707 olub. Ümumilikdə, son illərdə 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Əlillərin minik avtomobilləri ilə təminatı proqramı da həyata keçirilir. Minik maşını ilə təmin olunan əlillərin də sayı ildən-ilə artır. 2003-2007-ci illərdə 824 əlil avtomobillə təmin olunub. 2009-cu ildə müharibə veteranları və əlillərə 500, 2010-cu ildə 350, 2011-ci ildə 304 avtomobil paylanıb. 2012-ci ildə Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə 325 minik avtomobili verilib...

...Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır. Pensiya islahatları çərçivəsində ölkədə sığorta-pensiya sisteminin inkişafına dair 2009-2015-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Həyata keçirilən islahatlar əlillərin də əmək pensiyalarının ciddi artımına səbəb olub. 2006-cı ildə yeni pensiya sistemi fəaliyyətə başladığı vaxtdan 2013-cü ilədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği 5,2 dəfə, eyni zamanda əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 9,6 dəfə, sosial müavinətlərin məbləği isə 3,7 dəfə artıb. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da əlillərin problemlərini daim diqqətdə saxlayır. Fondun "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanların informasiya kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi çərçivəsində zəif görən uşaqlar üçün respublika internat məktəbində gördüyü işlər Mehriban Əliyevanın bu qəbildən olan insanlara qayğısının göstəricisidir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2010-cu il əlillərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə daha bir xeyirxah iş görülüb. Salyan rayonunda uzun illər ev həsrətində olan tənha, kimsəsiz və əlillər üçün 7,8 hektar ərazidə 168 evdən ibarət qəsəbə salınıb. Azərbaycan günü-gündən inkişaf edir və ölkənin iqtisadi durumunın yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətinin yaxşılaşdırılması sahəsində də özünü qabarıq göstərir.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR