"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb
11.05.2026, 14:17
Medalları Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov, olimpiya çempionu Aleksandr Vinokurov və digər rəsmi şəxslər təqdim ediblər.
Qızıl medala Qazaxıstanın "XTS Astana" komandasının üzvü Yevgeni Fyodorov layiq görülüb. O, həmçinin sprint növündə ən yaxşı olub və yaşıl köynəklə mükafatlandırılıb.
İtaliyanın "Solution Teks NIPPO Rali" komandasının isveçrəli üzvü Aleksandr Balmer gümüş, İspaniyanın "Burqos Burpellet BH" klubunun uruqvaylı velosipedçisi Erik Antonio Fakundes bürünc medal əldə edib.
İkinci yarış günü daha çətin profili ilə seçilməklə - 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirib.
Ötən gün I mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci yeri tutub.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.



TV