Azərbaycan polisinin “Bir gün”ü – AzTV-də yeni layihə

Azərbaycan polisinin “Bir gün”ü – AzTV-də yeni layihə

23 Fevral, 10:45 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası 2022-ci ilin daha bir yeni layihəsinə start verir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Bir gün” adlı layihədə müxtəlif peşə sahiblərinin bir günlük fəaliyyəti əks olunur.

Belə ki, bir sahə seçilir, o sahənin peşəkarı olan real bir şəxs verilişin qəhrəmanı olur. Çəkiliş komandası isə onun səhərdən axşama kimi bir günlük iş fəaliyyətini lentə alırlar. Beləcə, tamaşaçı seçilən peşə sahibinin bir gündə hansı işlər gördüyündən məlumatlı olur.

“Azərbaycantelefilm”in istehsalı olan “Bir gün” layihəsinin ilk filmi kombaynla işləyən yeganə pambıqçı qadına həsr olunsa da, sonradan pandemiya, həmçinin Vətən müharibəsinin başlaması səbəbindən planda dəyişiklik edilib, layihənin silsilə şəkildə yayımlanması ertələnib.

Azərbaycan polisinə həsr olunan film – “İsti izlərlə” isə artıq hazırdır. Filmdə polis zabitinin bir günlük yaşamı lentə alınıb. “İsti izlərlə”də polisin keçirilən əməliyyatlardakı peşəkar fəaliyyəti ilə yanaşı, onun həm də bir insan olaraq keçirdiyi hiss və həyacanı da əks olunub.

Layihənin müəllifi Elçin Musaoğlu, filmin operatoru Elxan Rüstəmov, səs rejissoru Ceyhun Ağayev, prodüseri isə Fatimə Əzimovadır.

Filmlərin silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulub.

“Bir gün: isti izlərlə” adlı film fevralın 23-ü saat 18:30-da AzTV-də yayımlanacaq.

 

CANLI YAYIM