AzTV-nin Analitik qrupu Quba ictimaiyyəti ilə görüşüb

AzTV-nin Analitik qrupu Quba ictimaiyyəti ilə görüşüb

5 Mart, 14:25 Sosial mediada paylaşın:

Tamaşaçı auditoriyasının rəy və təkliflərini yerindəcə öyrənmək məqsədilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yeni yaradılmış Analitik qrup üzvləri Qubaya səfər edib və rayon ictimaiyyəti ilə görüş keçirib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, yerli tamaşaçı auditoriyasının rəy və təklifləri yerindəcə dinlənilib, fikir mübadiləsi aparılıb. Televiziya nümayəndələrinin Qubaya səfərinin məqsədi həm də paytaxt və region sakinlərinin könlünü oxşayan ənənələri yenidən bərpa etməkdir.

Görüşdə Azərbaycan Televiziyasının Analitik qrupun rəhbəri, əməkdar jurnalist  Faiq Hüsiyev, tanınmış televiziya aparıcısı, Əməkdar artist Nərgiz Cəlilova, televiziyanın proqram direktorunun müavini Bəxtiyar Qaraca iştirak ediblər. Azərbaycan Televiziyasının fəaliyyətinin müqayisəli təhlili, həmçinin yaradıcı strukturlarının fəaliyyət effektivliyi, televiziya və radio layihələrinin aktuallığının ilkin təhlili və qiymətləndirilməsi haqda məlumat verilib, son dövrlərin keyfiyyət dəyişikliyi diqqətə çatdırılıb.

Görüşdə qeyd olundu ki, tamaşaçılarına müxtəlif sahələrlə bağlı zəngin verilişlər təqdim edən Azərbaycan televiziyası dəyərlərimizi yaşatmaqla fəaliyyətini uğurla davam etdirir. Ədəbi dil normalarının və milli-mənəvi dəyərlərimizin qorunmasında  AzTV, Mədəniyyət və İdman telekanallrının əvəzsiz xidmətləri var. Bununla yanaşı  respublikamızın regionlarında yaşayan izləyicilərin maraqlarına cavab vermək də televiziyanın prioritetlərindəndir.

Analitik qrupun rəhbəri Faiq Husiyev: “Bildiyiniz kimi AzTV yeni inkişaf mərhələsinə qədəm qoyub və bu yeni inkişaf mərhələsinin bizə görə göstəricilərindən biri də ictimai rəyin yerlərdə öyrənilməsindən ibarətdir və bizim üçün proqram siyasətində, ümumiyyətlə gələcək inkişaf proqramımızda yeniliklərin reallaşdırılması ilk növbədə tamaşaçı rəyinin öyrənilməsi ilə da bağlıdır. Bu baxımdan düşünürəm ki, Qubada keçirilən bu görüş bundan sonra respublikamızın digər regionları üçün də mütəmadi olacaq və mənə görə böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, əldə edilən məlumatlar əsasında televiziya və radionun ümumi inkişaf perspektivləri nəzərdən keçiriləcək, təklif və proqnozlar hazırlanacaq və teleşirkət rəhbərliyinə təqdim olunacaq.

CANLI YAYIM