2 milyon insan Ukraynanı tərk edib – 800 mini uşaqdır

2 milyon insan Ukraynanı tərk edib – 800 mini uşaqdır

9 Mart, 11:11 Sosial mediada paylaşın:

Səhər saatlarında Ukraynanın bir sıra şəhərlərində hava həyəcanı siqnalları verilib.

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində Rusiya ilə danışıqların növbəti raundunun keçirilməsinə çağırış edib. Dövlət başçısı müharibəni bitirməyin, insanların maraqları naminə danışıqlar masası arxasına əyləşməyin vacibliyini vurğulayıb. Zelenski Niderland, İsrail, Lüksemburqun Baş nazirləri və Fransa Prezidenti ilə apardığı danışıqlar barədə də məlumat verib. Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu martın 7-də keçirilib. Görüşdə ciddi irəliləyiş əldə olunmayıb.

Səhər saatlarında isə Ukraynanın bir sıra şəhərlərində hava həyəcanı siqnalları verilib. Yerli KİV-in məlumatına görə, Kiyev, Çerniqov, Poltava, Lubnı, Vasilkov şəhərlərində hava hücumları təhlükəsi ilə əlaqədar sakinlərə dərhal sığınacaqlara getmək tapşırılıb. Bəzi məlumatlara əsasən, paytaxt Kiyevdə partlayış səsləri eşidilib.

Rəsmi Kiyev Sumı şəhərindən təxliyə prosesinin müvəffəqiyyətlə tamamlandığını açıqlayıb. Prezidentin ofisindən verilən məlumata görə, 5000-ə yaxın insan şəhəri təhlükəsiz şəkildə tərk edib. Sumı şəhərindən təxliyə prosesi tərəflərin ötən həftə razılaşdırdığı humanitar dəhliz vasitəsilə həyata keçirilib.

Müharibə başlayandan ölkəni tərk etmiş 2 milyon nəfərin 800 mini uşaqdır. Bu barədə “Save The Children” təşkilatı məlumat yayıb. Azyaşlıların əksəriyyətinin valideynlərinin müşayiəti olmadan ölkəni tərk etdiyi bildirilir. Ukraynalı qaçqınların yarıdan çoxu Polşaya üz tutub. Mühacirlərin ən çox getdiyi ölkələr arasında Macarıstan və Slovakiya da var.

Fərda Abasova

CANLI YAYIM