Rusiya və Ukrayna xarici işlər nazirləri Türkiyədə görüşəcəklər

Rusiya və Ukrayna xarici işlər nazirləri Türkiyədə görüşəcəklər

9 Mart, 15:06 Sosial mediada paylaşın:

Ukraynada müharibənin dayandırılması üçün diplomatik səylər artırılır. Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü gözlənilir.

Nazirlər Antalyada görüşəcəklər. Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləyib. Nazirliyin sözçüsü Mariya Zaxarova bildirib ki, beynəlxalq diplomatik forumda iştirak etmək üçün Antalyaya səfər edəcək Sergey Lavrovun orada Dmitri Kuleba ilə görüşü planlaşdırılır. Görüşün təşkil olunması təşəbbüsü ilə Türkiyə çıxış edib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu toplantının üçtərəfli formatda keçirilməsini təklif edib.

Rəsmi Moskva və Kiyev sakinlərin təxliyəsi ilə də bağlı razılığa gəlib. Ukrayna Baş nazirinin müavini İrina Vereşşuk saat 21:00-dək atəşkəs elan edildiyini və sakinlərin 6 dəhliz vasitəsilə təxliyə olunduğunu bildirib.

Döyüşlərə gəlincə, Ukrayna hərbçiləri Xarkov vilayətində Rusiya hərbi bazasını dağıdıblar. Bu barədə Vilayət Administrasiyasının rəhbəri məlumat yayıb. Qeyd olunur ki, silahlı qüvvələr Milli Qvardiya və terrorla mübarizə dəstələri ilə birlikdə Rusiyanın artilleriya və reaktiv yaylım atəşi sistemləri mövqelərinə əks-hücuma keçib. Xarkovun ətraf ərazilərinin məhz bu hərbi bazadan mütəmadi olaraq atəşə tutulduğu bildirilir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik isə Çernobıl atom elektrik stansiyasında vəziyyətin pisləşdiyini açıqlayıb. Qurum stansiyaya nəzarət Rusiya qoşunlarının əlinə keçəndən oradakı monitorinq sistemləri ilə əlaqənin kəsildiyini bildirib. Açıqlamada qeyd olunur ki, Çernobıl atom elektrik stansiyasında məlumatları məsafədən ötürən təhlükəsizliyin monitorinqi sistemi ilə rabitə itib. Hazırkı vəziyyətdə stansiya rəhbərliyi agentliyin rəhbərliyi ilə yalnız e-mail vasitəsilə əlaqə saxlayır. 

Fərda Abasova

CANLI YAYIM