Müharibə Ukraynanın qərbinə də sıçradı – Ölən var

Müharibə Ukraynanın qərbinə də sıçradı – Ölən var

11 Mart, 13:17 Sosial mediada paylaşın:

Ukraynada müharibənin 16-ci günüdür.

Müharibə başlayandan ilk dəfə ölkənin qərbində də partlayış səsləri eşidilib. Lutsk şəhərində aerodroma zərbələr endirilib. Sakinlərə sığınacaqlara yerləşmək tövsiyə olunub. Dneprdə isə mərmilər uşaq bağçası və çoxmərtəbəli evin yaxınlığındakı ayaqqabı fabrikinə düşüb. Nitəcədə 1 nəfər həlak olub.

Rusiya Müdafiə Nazirliyi Volnovaxa şəhərinin də ələ keçirildiyini açıqlayıb. Mariupol şəhərinin isə mühasirə həlqəsinin daraldığı elan edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində Mariupolda baş verənləri aşkar terror adlandırıb. O, şəhərin tamamilə blokada halında olduğunu bildirib. Bununla belə, Volodimir Zelenski Mariupola qida, su və dərman vasitələri ilə dolu yük avtomobilləri kolonunu yolladığını diqqətə çatdırıb. O, döyüşlərin getməsinə baxmayaraq son 2 gündə şəhərdən 100 minə yaxın dinc sakinin çıxarıldığını vurğulayıb.

V.Zelenski son vaxtlar kimyəvi silahın istifadəsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. “Biz adekvat insanlarıq. Mən adekvat ölkənin, adekvat xalqın Prezidentiyəm və mənim torpağımda heç kəs kimyəvi və ya digər kütləvi qırğın silahı istehsal etmir. Bütün dünya bunu bilir. Siz bilirsiniz. Siz bizə qarşı belə addım atacağınız təqdirdə sərt sanksiya cavabı alacaqsınız”, - deyə Zelenski vurğulayıb. Vaşinqton isə hesab edir ki, Rusiya Ukraynayda bioloji laboratoriyaların olması dezinformasiyasını əsas gətirərək, münaqişə zonasında kimyəvi silahdan istifadə etməyi planlaşdırır.

ABŞ Konqresi Ukraynaya 13,6 milyard dollar məbləğində yardım ayrılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Avopa İttifaqının Versalda keçirdiyi qeyri-formal sammitində də Ukraynaya humanitar yardım məsələsi müzakirə olunub. Liderlər birgə bəyanat qəbul ediblər. Sənəddə vurğulanıb ki, Avropa İttifaqı Ukraynaya müharibədən sonra bərpa işlərində yardım edəcək. Bundan əlavə, qaçqınlara yardım da davam etdiriləcək. Bildirilib ki, Avropa İttifaqı Rusiya və Belarusa qarşı yeni cərimə tədbirləri tədbiq etməyə hazırdır. Digər tərəfdən, sammitdə Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı məsələyə birmənalı cavab verilməyib. Liderlər prosedurun sürətləndirilməsi məsələsini razılaşdıra bilməyiblər.

Xavər Əliyeva

CANLI YAYIM