Beş sərbəst güləşçimiz Avropa çempionatının yarımfinalında

Beş sərbəst güləşçimiz Avropa çempionatının yarımfinalında

28 Mart, 17:44 Sosial mediada paylaşın:

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, qitə birinciliyinin birinci günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb. Belə ki, təmsilçimiz Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya güləşçisi Levan Metreveliyə 7:0 hesabı ilə qalib gəlib. Astara güləş məktəbinin yetirməsi daha sonra bolqarıstanlı Mikyay Salim Naimi üstələyib - 9:6. Ə. Rzazadə yarımfinalda gürcü Beka Bujiaşvili ilə qarşılaşacaq.

Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. Millimizin lideri bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz finala gedən yolda moldovalı Maksim Sakultanı sınağa çəkəcək.

Komandamızın digər üzvü Zirəddin Bayramov (70 kq) səkkizdəbir finalda macarıstanlı Daniel Antaldan güclü olub - 10:6. Şəmkir güləş məktəbinin yetirməsi Şimali Makedoniyadan olan Fati Veyselini də xalçadan məyus yola salıb - 9:4. Gənc pəhləvanımız finalın bir addımlığında gürcü Zurabi Yakobişvili ilə mübarizə aparacaq. Əşrəf Aşırov (79 kq) isə ilk mərhələdə bolqarıstanlı Miroslav Kirova heç bir şans tanımayıb - 9:0. Həmyerlimiz dörddəbir finalda Ermənistan təmsilçisi Arman Avaqyana tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Əşrəfin növbəti rəqibi gürcüstanlı Vladimeri Qamkrelidze olacaq.

Maqomedxan Maqomedov (97 kq) isə qitə çempionatına litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbə (12:2) ilə start verib. Təmsilçimiz dörddəbir finalda Gürcüstanın təcrübəli güləşçisi Elizbar Odikadzeni məğlub edib - 14:7. M.Maqomedov yarımfinalda polşalı Zbiqniev Mateuş Baranovski ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

CANLI YAYIM