Mariupolda faciə: uşaq xəstəxanası bombalandı

Mariupolda faciə: uşaq xəstəxanası bombalandı

7 Aprel, 13:30 Sosial mediada paylaşın:

Ukraynada müharibə davam edir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO ölkələrindən silah yardımı istəyib. Kuleba bu barədə Brüsseldə Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə birgə brifinqdə bildirib: “Mən Brüsselə NATO-nun nazirlər toplantısında iştirak etmək və müttəfiqlərlə ikitərəfli görüşlər keçirmək üçün gəlmişəm. Mənim gündəliyim çox sadədir. Onun cəmi üç bəndi var: silahlar, silahlar və yenə silahlar”.

ABŞ Senatı Prezident Co Baydenə sadələşdirilmiş prosedur əsasında Ukraynaya silah və digər müdafiə yardımı göndərməyə icazə verən qanun layihəsini yekdilliklə qəbul edib. “Lend-liz” adlanan proqram İkinci Dünya müharibəsi illərində yaradılıb və tətbiq edilib. Sözügedən proqram ABŞ-a vaxt aparan prosedur maneələri olmadan müttəfiqlərinə tez bir zamanda silah tədarük etməyə imkan verir.

Böyük Britaniya isə Ukraynaya “Mastiff” və ya “Şakal” tipli zirehli texnikanın göndərilməsi planını hazırlayır. Bu barədə “Times” nəşri məlumat yayıb. Bundan əlavə, nəşr xəbər verir ki, britaniyalı hərbçilər təlimlər keçirmək üçün Ukrayna ilə qonşu olan ölkəyə göndəriləcək. Məlumata görə, tank əleyhinə silahlar və zenit raketləri də daxil olmaqla əlavə dəstəyi Böyük Britaniya yaxın günlərdə elan edəcək.

Mariupolda isə növbəti faciə yaşanıb. Uşaq xəstəxanasının bombalanması zamanı 50-yə yaxın insan diri-diri yanıb. Bu barədə şəhərin meri Boris Boyçenko məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlara qədər inkişafın rəmzi olan Mariupol indi, demək olar ki, tamamilə dağıdılıb. Şəhərin infrastrukturunun 90%-dən çoxu məhv olub. Şəhər Şurası artıq kommunal və şəxsi mülkiyyətin dağıdılması faktlarını qeydə alan komissiya yaradıb. Bu günə kimi 300-dən çox belə fakt aşkarlanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev ilə Moskva arasındakı danışıqlarda Türkiyənin vasitəçilik rolundan danışıb: “Ukrayna ilə Rusiya arasında vasitəçilik missiyasını müəyyən liderlər həyata keçirəcək. Türkiyə də onlardan biridir. Bu gün biz Mariupoldan yaralıların çıxarılmasından danışırıq və bu əməliyyatın nəticəsi barədə danışmaq hələ tezdir. Burada Türkiyənin vasitəçilik rolu var. Çünki biz bunu Türkiyə Respublikasının gəmilərində etməyi planlaşdırırıq”.

Xavər Əliyeva

CANLI YAYIM