Naxçıvanda “Ulu Öndər Heydər Əliyev və türk dünyası” mövzusunda konfrans keçirilib

Naxçıvanda “Ulu Öndər Heydər Əliyev və türk dünyası” mövzusunda konfrans keçirilib

6 May, 16:04 Sosial mediada paylaşın:

Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə adıçəkilən ali təhsil ocağında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

Ali təhsil ocağının İncəsənət fakültəsində “Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” adlı sərgiyə baxış olub. Üç hissədən ibarət olan sərgidə Ümummilli Liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq 99 sayda kitab, elmi əsər və konfrans materialları nümayiş olunub. Fakültənin sərgi salonunda İncəsənət fakültəsinin müəllim və tələbələrinin sənət əsərlərindən ibarət sərgidə rəngkarlıq, heykəltaraşlıq, tikmə, böyük stenddə Ulu Öndərin güllərdən hazırlanmış portreti və imzası olmaqla, ümumilikdə, 50-yə yaxın əl işi nümayiş olunub.

Konfransda əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Universitetin rektoru Elbrus İsayev konfransda çıxış edərək bildirib ki, mayın 10-da Azərbaycanı bugünkü inkişaf səviyyəsinə çatdıran Ulu Öndərin anadan olmasının 99-cu ildönümü tamam olur. Rektor Azərbaycan elminin böyük hamisi olan dahi şəxsiyyətin ali təhsil ocağında 4 dəfə olmasını onun Naxçıvan təhsilinə, muxtar respublika ictimai mühitinə verdiyi qiymətin təzahürü kimi qiymətləndirib.

Türk Ağsaqqalları İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev sədri olduğu qurumun fəaliyyətindən və birliyin türkdilli ölkələrdə keçirdiyi birgə görüşlərdən danışıb. TAİB-nin əsas məqsədlərini diqqətə çatdıran akademik qeyd edib ki, son 30 ildə ölkəmizin qazandığı uğurlar, ictimai-siyasi sferada baş vermiş hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq, gənclərə dövlətçilik siyasətinin mahiyyətini düzgün çatdırmaq bizim əsas hədəflərimiz sırasındadır.

Vurğulanıb ki, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Akademik Sudeif İmamverdiyev Ulu Öndərin apardığı məqsədyönlü siyasətin tarixi mərhələlərinə xronoloji ardıcıllıqla nəzər salıb, muxtar respublikada aparılan məqsədyönlü siyasəti Ümummilli Liderin ideyalarına sadiqliyin təcəssümü kimi qiymətləndirib.

Digər iştirakçıların çıxışlarından sonra Naxçıvan Televiziyasının hazırladığı “Ulu Öndər Heydər Əliyev və türk dünyası” adlı film nümayiş olunub. Rektor konfransdan xatirə olaraq akademik Sudeif İmamverdiyevə plaket və hədiyyə təqdim edib. TAİB sədri belə mötəbər konfransa ev sahibliyi edən rektoru təşəkkürnamə ilə mükafatlandırıb.

Bundan başqa, TAİB nümayəndələrinin hər birinə konfransın xüsusi sertifikatları təqdim olunub.

CANLI YAYIM