İqtidar-müxalifət dialoqu davam edir: Prezident Administrasiyasında partiya sədrləri ilə görüşlər keçirilib

İqtidar-müxalifət dialoqu davam edir: Prezident Administrasiyasında partiya sədrləri ilə görüşlər keçirilib

15 May, 20:24 Sosial mediada paylaşın:

İqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasında ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə görüşlər keçirilir. Siyasi dialoq prosesləri çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə görüşləri artıq iki ildir davamlı şəkildə təşkil olunur.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı şöbə müdiri Ədalət Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühiti siyasi sabitliyin əsası olmaqla yanaşı, dayanıqlı inkişafı təmin edən əsas amillərdən biridir. Vətən müharibəsi dövründə ölkədə təmin edilən siyasi və milli həmrəyliyin dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayan Ədalət Vəliyev gələcəkdə də bu istiqamətdə aparılan iqtidar-müxalifət dialoqunun davam edəcəyini söyləyib. Yeni siyasi konfiqurasiyanın inkişafı üçün bütün partiyalarla konstruktiv münasibətlərin qurulmasının çox vacib olduğu qeyd edilib. Şöbə müdiri işğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə partiya sədrlərinin birgə səfərləri barədə söz açarkən bildirib ki, belə səfərlər gələcəkdə də təşkil olunacaq. Görüş zamanı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqunu yüksək qiymətləndirib. Azərbaycanda bütün siyasi qüvvələrin ümummilli məsələlərdə və dövlətçiliyin möhkəmlənməsində vahid güc formasında olmasının vacibliyi qeyd edilib. Bu halın həm də sağlam münasibətlərin bərqərar olmasına və siyasi mədəniyyətin yüksəlməsinə zəmin yaratdığı bildirilib. Dövlətin dialoqla bağlı bütün təşəbbüslərini dəstəklədiyini qeyd edən Elşad Musayev həmrəylik və sabitlik kimi amilləri hər bir ölkənin strateji resursu olaraq dəyərləndirib. Siyasi dialoq təcrübəsinin şaxələnməsinin dayanıqlı ənənələrin formalaşmasında əvəzolunmaz əhəmiyyətə malik olacağını vurğulayan partiya sədri bildirib ki, bu cür təcrübə mütləq şəkildə yeni uğurlu nümunələrlə zənginləşdirilməlidir. Əldə olunmuş Qələbə və ölkənin müxtəlif beynəlxalq təşəbbüsləri sayəsində Azərbaycanın dünya siyasi arenasında çəkisinin əsaslı şəkildə artdığı vurğulanıb. Digər məsələlərlə yanaşı, görüş çərçivəsində İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış ilə bağlı mövzular da geniş müzakirə olunub. Sonda Elşad Musayev görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi partiyanın iqtidarla müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək verməyə hazır olduğunu qeyd edib.

Siyasi dialoq prosesləri çərçivəsində Prezident Administrasiyasında növbəti görüş Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ilə keçirilib. Görüşdə şöbə müdiri Ədalət Vəliyev dünyada cərəyan edən geosiyasi proseslərin ölkədə siyasi həmrəylik mühitinin qorunmasını şərtləndirdiyini xüsusi vurğulayıb. “Bilavasitə milli maraqlara cavab verən məsələlərdə siyasi partiyalar ilə əməkdaşlıq ölkədə reallaşan siyasi dialoqun prioritet istiqamətlərindən biridir”, - deyən Ədalət Vəliyev qeyd edib ki, Azərbaycana qarşı aparılan informasiya təxribatları ilə mübarizədə siyasi partiyaların bütün potensialları səfərbər olunmalıdır. 1992-ci ildə yaradılmış Azərbaycan Milli İstiqlal Partiyasının Avropa Xalq Partiyası da daxil olmaqla geniş beynəlxalq əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edən şöbə müdiri bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mövcud əlaqələrdən səmərəli şəkildə istifadə olunmalıdır. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək qiymətləndirib, bu prosesin demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək olduğunu bildirib. O, ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olmasının vacibliyini qeyd edib. Görüşdə digər məsələlərlə yanaşı, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra regionda yaradılmış yeni reallıq mövzusu da geniş müzakirə olunub. Bildirilib ki, qazanılmış Qələbə və ölkənin müxtəlif iqtisadi təşəbbüsləri sayəsində Azərbaycanın dünya siyasi xəritəsində çəkisi əsaslı şəkildə artıb. Dayanıqlı inkişaf naminə iqtidar-müxalifət münasibətlərinin məhz konstruktiv əməkdaşlıq formatında inkişaf olunması üçün qarşılıqlı səylər artırılmalıdır. Bu cür əməkdaşlıq formatı əldə olunmuş uğurların qorunmasına xidmət edəcək və təhdid xarakterli müxtəlif təxribatların qarşısının alınmasına da töhfə verəcək. Administrasiya rəsmisi Azərbaycan Milli İstiqlal Partiyasının ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunda fəal iştirak etməsini, o cümlədən ümummilli məsələlərlə bağlı birgə bəyanatlara və müraciətlərə qoşulmasını, siyasi partiyaların birgə iclaslarında və azad olunmuş ərazilərə birgə səfərlərdə iştirakını, siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməsini, həmçinin Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlarının vaxtında və tələb olunan qaydada təqdim etməsini yüksək qiymətləndirib və bu halların partiyanın imicinə müsbət təsir edən önəmli amillər olduğunu bildirib. Söhbət zamanı Arzuxan Əlizadə rəhbərlik etdiyi partiyanın 30 illik yubileyi ilə əlaqədar müvafiq tədbirlərin keçirilməsinə hazırlaşdıqlarını qeyd edib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev arasında da görüş keçirilib. Görüşdə Ədalət Vəliyev cəmiyyətin inkişafı naminə ölkəmizdə iqtidar-müxalifət əməkdaşlığından söz açıb, dayanıqlı demokratik ənənələrin dərinləşməsində siyasi partiyaların rolunun yüksək olduğunu vurğulayıb. Şöbə müdiri İkinci Qarabağ müharibəsi, Qələbə və yeni siyasi reallıqlar barədə fikirlərini səsləndirib, Prezident İlham Əliyevin çıxışından sitat gətirib: “...Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır”. Görüşdə, həmçinin “Siyasi partiyalar haqqında” qanunun layihəsi üzrə müzakirələr aparılıb. Şöbə müdiri bildirib ki, qanun layihəsi ilə əlaqədar bir sıra siyasi partiyalar tərəfindən təkliflər təqdim olunub. Eyni zamanda, təəssüflə vurğulanıb ki, əksər partiyalar bu məsələdə fəallıq göstərməyiblər. Elşən Musayev ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, eləcə də radikal müxalifətin cəmiyyətin parçalanmasına xidmət edən sərt ritorikasını tənqid edib. Partiya sədri siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş birgə səfərlərini xatırladaraq, bu cür müsbət təcrübənin davamlı olmasını arzulayıb. Görüşdə qeyd edilib ki, Azərbaycan Demokratik Maarifçilik Partiyasının da təmsil olunduğu Milli Məclisdə ümumilikdə 10 müxalifət partiyasının yer alması ölkəmizdə demokratik mühitin təzahürüdür. Bu partiyaların nümayəndələrinin ilk dəfə olaraq Milli Məclisin, həmçinin komitə və komissiyalarının rəhbərliyində vəzifə tutması xüsusi vurğulanıb. Elşən Musayev Regional məsələlər komitəsinin sədr müavini kimi fəaliyyətindən söz açaraq parlamentin son illərdə müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, eləcə də qanunvericilik hakimiyyətinin icra hakimiyyəti orqanları ilə əməkdaşlığının daha da təkmilləşdirilməsi perspektivləri barədə danışıb. Ədalət Vəliyev konstruktiv əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Elşən Musayevə və onun sədrlik etdiyi siyasi partiyaya dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

İqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasında daha bir görüş isə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ilə olub. Görüş zamanı şöbə müdiri Ədalət Vəliyev vurğulayıb ki, siyasi partiyaların cəmiyyətdə artan nüfuzu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan köklü siyasi islahatların nəticəsidir. Yeni siyasi konfiqurasiyanın uğurla inkişaf etdirilməsi, iqtidar-müxalifət dialoqunun təşviqi bu islahatların tərkib hissəsidir. Qeyd edilib ki, yeni siyasi konfiqurasiyanın və aparılan islahatların strateji hədəfləri ölkədə dayanıqlı demokratik ənənələrin dərinləşməsi, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyasıdır. Siyasi partiyaların cəmiyyətin siyasi həyatında vacib rol oynadığını vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün siyasi partiyalar beynəlxalq əlaqələrini inkişaf etdirməlidirlər. Siyasi partiyalar arasında sağlam münasibətlər mühitinin yaradılmasının vacibliyini vurğulayan şöbə müdiri bildirib ki, Vətən müharibəsi dövründə əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olmasının, bununla bağlı birgə bəyanat və müraciətlər imzalamasının iqtidar-müxalifət dialoqunun nə qədər önəmli olmasını bir daha sübut edib. Həmçinin İkinci Qarabağ müharibəsi, Qələbə və yeni siyasi reallıqlar mövzusunda aparılan müzakirələr zamanı regionda sülhün möhkəmləndirilməsi, işğal nəticəsində Azərbaycana dəymiş ziyanın kompensasiyası, Ermənistanın mina xəritələrini təqdim etməməsi, Qarabağda maddi-mədəni irs nümunələrinin bərpası, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının inkişafı barədə söhbət aparılıb. Şöbə müdiri siyasi sabitliyin əhəmiyyəti barədə danışaraq bildirib ki, radikal siyasi meyillər dövlətçiliyə olan təhdid kimi qiymətləndirilməlidir. Bu səbəbdən hər bir siyasi partiya buna qarşı mübarizə aparmalı və cəmiyyətin ümumi inkişafına öz töhfəsini verməlidir. Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ölkəmizdə aparılan siyasi islahatları yüksək qiymətləndirib. Siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların dövlət tərəfindən təmin edildiyi bildirilib. Qeyd olunub ki, məhz bu səbəbdən, yeni qeydiyyatdan keçmiş Azərbaycan Yüksəliş Partiyası öz siyasi fəaliyyətini uğurla apara bilir. Partiya sədri qeyd edib ki, yeni siyasi konfiqurasiyanın inkişafı, ölkədə sağlam siyasi mədəniyyətin yaradılması, iqtidar-müxalifət dialoqunun aparılması ölkəmizdə güclü siyasi sistemin yaradılmasına dəlalət edir. Bu səbəbdən Azərbaycan Yüksəliş Partiyası həmin istiqamətdə sağlam münasibətlərin qurulmasında maraqlıdır. Sonda Anar Əsədli dövlət qeydiyyatına alınmış ən gənc partiya kimi qəbul edilməsinə görə təşəkkürünü bildirib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi təşkilatlar arasında aparılan dialoq çərçivəsində partiya sədrləri ilə silsilə görüşləri ölkədə formalaşan siyasi konfiqurasiya prosesinin artıq dayanıqlı formada davam etdiyini göstərir. Qeyd etmək lazımdır ki, bunlar islahatların növbəti mərhələsinin davamı olaraq ötən müddət ərzində siyasi dialoqun daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar sayılır. Partiya rəhbərləri ilə görüşlərdə formalaşan yeni siyasi konfiqurasiyanın daha da inkişaf etdirilməsi, dayanıqlığı kimi bir sıra mühüm və cəmiyyət üçün böyük əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur ki, bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühitinin, siyasi sabitliyin qorunub saxlanmasında, yeni siyasi konfiqurasiyanın və vətəndaş həmrəyliyinin formalaşmasının əyani sübutudur. Diqqət çəkən məqamlardan biri də görüşlərdə İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıq mövzusunun da geniş müzakirə olunmasıdır. Xüsusi qeyd etmək lazımdır ki, ölkədəki siyasi və milli həmrəyliyin formalaşması dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət edən əsas amillərdən biridir. Dialoq və əməkdaşlıq formatının 44 günlük Vətən müharibəsindəki Qələbəmizi təmin edən əsas amillərdən biri hesab olunması ilə bağlı bu gün cəmiyyətdə dəyişilməz fikir formalaşıb. Bir zamanlar bu siyasi dialoqa, iqtidar-müxalifət münasibətlərinin sivil qaydada inkişafına qarşı çıxanların dövlət və dövlətçilik maraqlarını yox, öz şəxsi ambisiyalarını qorumaq cəhdinin qarşısı da zamanında alındı. Hər kəsə aydın oldu ki, müxalifətçilik dövlətə və dövlətçiliyə qarşı çıxmaq deyil. Ayrı-ayrı məsələlərdəki fikir fərqliliyi isə plüralizm və demokratiyanın elementlərindən biridir. Problem hesab olunan məsələlərin köklü surətdə əməkdaşlıq və dialoqla aradan qaldırılmasının mümkünlüyü məhz 44 günlük Vətən müharibəsində təsdiqləndi. Müharibədən sonra siyasi partiyaların sədrlərinin işğaldan azad edilən torpaqlara səfərinin təşkili də mübarizənin uğurlu nəticəsini birlkdə qeyd etməyin verdiyi zövq idi. Yeni mərhələdə də PA-nın şöbə müdirinin siyasi partiya sədrləri ilə növbəti dəfə görüşlərə başlaması ölkədə dialoq mühitinin qorunub saxlanması və inkişafına xidmət edir. Bu addım ölkənin daxilində münasibətlərin daim sivil formada inkişafı, siyasi qüvvələr arasında münasibətlərinin konstruktiv əməkdaşlıq formatına keçidi baxımından çox mühümdür. Eyni zamanda, bu əməkdaşlıq formatı əldə olunmuş uğurların qorunmasına xidmət etməklə bərabər, təhdid xarakterli müxtəlif təxribatların qarşısının alınmasına da töhfə verəcək. Xalqın və dövlətin mənafeyinin ən üst səviyyədə təmininə aparan əməkdaşlıq və dialoqda hər iki tərəf maraqlıdır. Xalq və dövlətin mənafeyi üçün lazım gələrsə, iqtidar-müxalifət demədən bir masa ətrafında oturmaq dövlətçilik ənənəsinin möhkəm təməllər üzərində qurulması və gələcəyə ötürüləcək çox yaxşı ənənə hesab olunur.

CANLI YAYIM