Azərbaycan Televiziyasında və "Mədəniyyət" kanalında yayımlanan VIII “Muğam” müsabiqəsinin ikinci həftəsinə start verilib.
Müsabiqənin bu həftəsi təsniflərə həsr olunub.
Müsabiqənin ikinci həftəsinin ilk günündə iştirakçıların ilk qrupu müxtəlif təsniflər səsləndiriblər.
Münsiflərin ən çox səsini almağı bacaran iştirakçı Daşqın Kürçaylı olub. O, 79 xalla birinci qrupun lideridir. Ən az xal yığan iştirakçılar isə Nərgiz Cabbarova və Səbinə Abbasova olub. Onlar münsiflərdən 68 xal alıblar.
Qeyd edək ki, “Muğam”ın ilk həftəsi xalq mahnılarına həsr olunmuşdu, növbəti həftə isə iştirakçılar zərbi muğamlar ifa edəcəklər.
Müsabiqənin növbəti günü iştirakçıların ikinci qrupu da ifalarını səsləndirdikdən sonra münsiflərdən ən az bal almış ifaçı “Muğam”ı tərk edəcək.
Müsabiqənin fəxri qonaqları isə Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və Vətən müharibəsinin bir qrup iştirakçısı olub. Tamaşaçılar Milli Qəhrəmanın ailə üzvlərini ayaq üstündə alqışlayaraq onlara ehtiramlarını bildiriblər.
Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilir.
Yarışmanın münsiflər heyətinə Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir.
Müsabiqə həftədə 2 dəfə – çərşənbə axşamı və cümə axşamı AzTV-də və Mədəniyyət TV-də canlı yayımlanır.