Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Studiyası “Yad et məni” layihəsi çərçivəsində ictimai-siyasi xadim, ədib Nəriman Nərimanov haqqında film-tamaşa hazırlayıb.
“Nəriman Nərimanov. Son səfər” adlı film-tamaşa Nəriman Nərimanovun 1925-ci ilin mart ayında Moskvadan Bakıya gəlişinə və burada bir neçə silahdaşı ilə görüşünə həsr olunub.
Film-tamaşa AzTV-də nümayiş olunub və böyük əks-səda doğuraraq tamaşaçıların marağına səbəb olub.
Layihənin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rejissoru Sirac Mustafayev, rejissoru Anaxanım Abdullayeva, ssenaristi isə Seymur Şahbazovdur.
Mayın 18-də film-tamaşanın yaradıcı heyəti Nəriman Nərimanovun ev-muzeyini ziyarət ediblər.
“Nəriman Nərimanov. Son Səfər” film-tamaşasının diski və ssenari mətni muzeyə bağışlanılıb.
Məlumat üçün bildirək ki, “Yad et məni” layihəsi çərçivəsində tarixi şəxsiyyətlərimizin ev-muzeylərində film-tamaşalar çəkilir, onların həyatında baş verən bəzi hadisələrə işıq salınır.