Zəngilan – tarixə sirdaşlıq edən füsunkar diyarımız

Zəngilan – tarixə sirdaşlıq edən füsunkar diyarımız

20 May, 10:40 Sosial mediada paylaşın:

“Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var, Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş ve­ribdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də, Zəngilan həm öz təbiətinə görə, həm o tor­paq üzərində yaşayan insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir”.

Heydər ƏLİYEV

Ümummilli Lider

 

Bir zaman Ümummilli Lider Heydər Əliyev tərəfindən Zəngilan haqqında deyilən müdrik kəlamlar tarixin keçmiş və gələcəyini özündə əks etdirir, xalqımızın qəlbinə yol açır, yaddaşlara əbədi həkk olunur. Bu kəlamlar yüksək zəka və istedad sahibi olan ziyalı insanlara ümiddoğrulducu nəfəslə səsləndirilib.

Azərbaycan vətəndaşları öz liderinin – möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azad edilmiş bütün torpaqlarda 44 günlük müharibənin bizə məlum hər bir anını – məqamını yaşat­dı. Hazırda Prezidentimizin müdrik siyasəti nəticəsində ölkəmizin haqlı mövqeyini dünya birliyi dəstəkləyir.

Zəngin Zəngilan

Əziz həmvətənlərim, Zəngilana aid tarixi keçmişə malik mədəniyyət abidələrinin bir neçəsini xatırlatmaq istərdim. Elimizin dəyərli ziyalılarının ətrafında yaşayaraq, özüm də bu ocağın istisindən qaynaqlanaraq və elmi potensialı olan ziyalı üçün zəruri keyfiyyətləri axtararaq, bu mühitdə böyüyən xalqımızın övladı kimi sadəcə öz fikrimi bildirmək istəyirəm. Orta əsrlərə aid mənbələrdə Zəngilan rayonu haqqında maraqlı məlumatlar vardır. Bu barədə araşdırmalar aparılmış, elmi-publisistik məqalələr yazılmışdır.Qeyd edək ki, Zəngilanın cənub hissəsində hazırda İran İslam Respublikası, tarixən Qərbi Azərbaycan, şimalda Qubadlı, şərqdə Cəbrayıl rayonlarıdır. Ərazidən Araz, Həkəri, Oxçu, Bəsit çayları axır. Sobu qalasından başlayan və Baharlı kənd ətrafı Bəsit çayına tökülən Yeməzli, Xəştab tərəfdən başlayan Gilətağ Şamlı, Vənətli kəndindən keçərək Xumarlı yaxınlığında Həkəriyə qarışan Dərə çayı axır. Zəngilan diyarının şərqlə qərbi birləşdirən, hələ lap qədimlərdən ticarət yolu üzərində yerləşməsi haqqındakı həqiqətlər bir çox tarixi mənbələrdə öz əksini tapmışdır. XIII-XIV əsrlərdə yaşayan məşhur coğrafiyaşünas və tarixçi Həmdullah bin Əbu Bəkir bin Əhməd bin Nəsr Musatovfi Qəzvıni (1280-1349-cu illər) “Zeyl-e Tarix-e qozide” tarixi salnaməsində Zəngilanın əsasının 636-cı (637) ildə qoyulduğunu yazmışdır. Həmdullah Qəzvini 1340-cı ildə başa çatdırdığı “Qəlblərin əyləncəsi”(“Nüzhət əl-qulub”) əsərində buranın türkdilli xalqların yaşadığı məkan olduğu ilə bağlı fikirlər söyləmişdir.

Tədqiqatçılarımızın bir çoxunun Zəngilanın tarixi keçmişi haqqında maraqlı araşdırmaları var. Coğrafiya elmləri doktoru, professor Xostan Vəliyevin, coğrafiya elmləri doktoru, professor Zahid Səttar bəy oğlu Məmmədovun ”Böyük Qafqazın təbii sərvətləri”, “Elmi-pedaqoji tərəqqiyə həsr edilən ömür” kitabı, nasir, publisist ”Baharlılar” haqqında yazan Məhəmməd Baharlı, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin “Elmi axtarışlar” monoqrafiyası, tarixçi alim, jurnalist,Qarabağ müharibəsi veteranı Lətif Babayevin və başqalarının kitablarında Zəngilan haqqında monoqrafiya və məqalələrində Azərbaycanın bu qədim yurduna aid maraqlı araşdırmalar var.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Arxeologiya şöbəsi tərəfindən 1974-cü ildə aparılmış tədqiqat nəticəsində Zəngilan rayonunun Şərfan kəndində Həkəri çayının sağ sahilində yerləşən türbənin bizə gəlib çatmış sərdabə hissəsi əsasında Şəhri-Şərifan (və ya Şəriban) abidəsi aşkar olunmuşdur. Bu abidənin böyük bir hissəsini vaxtilə Həkəri çayı yuyub aparmışdır. Yaşlı nəsillərin söylədiyi rəvayətlərə görə, Pirçivan-Şuşa-Zəngəzur qəzası adlanan karvan yolu buralardan keçərmiş. Deyilənlərə görə, dağətrafı oğuz tayfaları karvanlara qoşularaq onlarla bərabər yola düşərdilər.

Baharlının baharı

Zəngilan dağlarının sinəsinə sığınmış gözəl el-obalardan biri də Baharlı kəndidir. Təbiətinə görə Baharlı kəndi Tanrının xalqı­mıza bəxş etdiyi tarixi və coğrafi baxımdan gözəl bir məkandır. Baharlı Bəsitçayın Araza qovuşduğu yerdə yerləşir. Dünyada ikin­ci, Avropada isə birinci olan Çinar meşələri buradadır. Baharlılar tayfası da bu el-obada yaşayıblar. Baharlı, həmçinin görkəmli elm, maarif, mədəniyyət xadimləri, hüquqşünasları, adlı-sanlı hərbçiləri, vətənpərvər insanları ilə tanınır. Dərsliklərimizdə “Baharlılar” haqqında yazılıb. Qədim türk boylarından olan Yıvada Baharlılardan bəhs edilib. Baharlı kəndinin adı “Qarabağda İbrahimxəlil xanın “ vəziri olan “Mirzə Vəli bəy Baharlının” nəsli ilə əlaqəlidir. Azərbaycan ərazisi bineyi-qədimdən türk tayfalarının vətəni olub. Azərbaycan türklərinin çox qədim tarixi bəzi erməni və ermənipərəst qruplarda qıcıq yaratmağa səbəb olmuşdur.Azərbaycanın keçmişini öz erməni ehtirası ilə mənimsəmək fikrinə düşən bədnam qonşula­rımız həmişə tarixi sübutlarla ifşa olunmuşlar. Lakin Ermənistanın ekoloji və iqtisadi terroru işğalda olan Zəngilan diyarının ərazisində ətraf mühitə, yeraltı və yerüstü təbii sərvətlərə,çinar meşələrinə böyük zərbə vurmuşdur. Bəşər tarixində Azərbaycan ərazisi həm də tarixi-coğrafi mövqeyinə görə də hər zaman diqqət mərkəzində olmuşdur. Ticarət və diplomatiya yolu kimi tanınan “İpək yolu” beynəlxalq ticarət yolları içərisində özünəməxsus yer tutmuşdur. Vaxtilə Azərbaycandan keçən bu yol burada yaşamış insanların yaddaşlarında da öz izini qoymuşdur.

Zəngilan rayonu respublikanın dağətəyi ərazisində yerləşməklə, kənd təsərrüfatı və sənaye sahələrində də inkişaf etmişdir. Rayon, həmçinin soda, molibden, qızıl, qranit və digər yeraltı təbii sərvətləri ilə də zəngindir.

Ulu öndər Heydər Əliyev zəngilanlılara qayğı göstərərək, problemlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı və həlli yolla­rını müəyyənləşdirdi. Bu gün fəxrlə qeyd edirik ki, ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu otuz il düşmən tapdağında olan torpaqlarımı­zın işğaldan azad edilməsinə nail olmuşdur. Yəni Zəngilan da öz övladlarının əli ilə yenidən qurulur və abadlaşdırılır. Biz zəngilanlılar fəxr edirik ki, işğaldan azad edilmiş ərazilərimizdə yaradılan ilk “ağıllı kənd” də məhz Zəngilanın qismətinə düşüb. Zəngilanlılar daim dövlət başçımızın və ordumuzun yanındadır. Qarabağ Azərbaycandır!

Eldəniz VƏLİYEV,

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin aparıcı mütəxəssisi

CANLI YAYIM