“SABAH” məzunlarının buraxılış mərasimi keçirilib

“SABAH” məzunlarının buraxılış mərasimi keçirilib

7 İyul, 13:46 Sosial mediada paylaşın:

İyulun 7-də Heydər Əliyev Mərkəzində “SABAH”ın məzunu-2022” mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin deputatları, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllim və tələbələr iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları “Mən “SABAHAM” adlı sərgi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra “SABAH” qrupları ilə bağlı videoçarx nümayiş olunub.

Təhsil naziri Emin Əmrullayev çıxış edib. “SABAH”ın əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb. Çıxışının sonunda “SABAH”ın məzunlarını təbrik edən təhsil naziri onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən “SABAH”ın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.

“SABAH” məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi “SABAH” açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi reallaşıb. Bakı Dövlət Universitetinin məzunu Röyə Mirtalıbova və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Fərda Kərimov tərəfindən “SABAH” açarı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi Ülvi Məlikzadə və Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Aysel Əliyevaya təqdim olunub.

Mərasimin sonunda “SABAH” qruplarının himni səsləndirilib, xatirə fotosu çəkilib.

Qeyd edək ki, “SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 41 ixtisas və 2400-dən artıq tələbəni əhatə edir. 2021-2022-ci tədris ili üzrə “SABAH” qruplarının məzunlarının sayı 830 nəfərdir.

CANLI YAYIM