BDYPİ-nin mərkəzi informasiya sistemi haqqında əsasnamə təsdiq edilib - FƏRMAN

BDYPİ-nin mərkəzi informasiya sistemi haqqında əsasnamə təsdiq edilib -FƏRMAN

22 Sentyabr, 17:05 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda deyilir:

“1. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan informasiya sisteminin formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün.

4. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə əlavə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin fəaliyyətində iştirak edən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda qeyd olunan dövlət orqanları (qurumları) həmin Əsasnamənin 7-ci hissəsində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin təhlükəsizliyinin təmin edilməsi üçün birgə zəruri tədbirlər görsünlər.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.

CANLI YAYIM