“Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri var” - Prezident İlham Əliyev

“Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri var” - Prezident İlham Əliyev

18 Noyabr, 13:01 Sosial mediada paylaşın:

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişviliyə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırıram.

Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri vardır. Tarixən dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və daim bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ötən 30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması xüsusi məmnunluq doğurur.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, daim genişlənən siyasi dialoqumuz qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə hərtərəfli inkişafına güclü təkan vermiş, irimiqyaslı enerji və nəqliyyat layihələrinin müvəffəqiyyətlə gerçəkləşməsinə əlverişli imkan yaratmışdır. Birgə həyata keçirdiyimiz önəmli layihələr bu gün dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, bölgəmizin rifahına, sabitliyinə və təhlükəsizliyinə töhfə verir və ümumiyyətlə bütün Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır.

Bu gün iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm amillərdir. Biz dost Gürcüstan ilə əlaqələrimizə böyük önəm verir və onları daha da dərinləşdirmək əzmindəyik. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığını genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlar vardır.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq xalqlarımızın və ölkərimizin rifahı, regionumuzda sülh, sabitlik və tərəqqinin bərqərar olması naminə Azərbaycan ilə Gürcüstan arasında müstəsna xarakter daşıyan əlaqələrin, strateji tərəfdaşlığın birgə səylərimizlə daha da möhkəmlənməsinə nail olacağıq.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

CANLI YAYIM