13 gün mühasirədə qaldılar, insanları xilas etdilər – 4 Cəbrayıl polisinin yaşadıqları AzTV-nin filmində

13 gün mühasirədə qaldılar, insanları xilas etdilər – 4 Cəbrayıl polisinin yaşadıqları AzTV-nin filmində

14 Aprel, 15:01 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasında 1993-cü ildə Cəbrayılın müdafiəsində iştirak etmiş 4 polis əməkdaşı ilə bağlı sənədli film nümayiş olunacaq.

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan film “13-cü gün” adlanır.

Filmin qəhrəmanları Birinci Qarabağ müharibəsinin iştirakçıları - Nübarək Sevdimalıyev, Pəhləvan Məmmədov, Mədət Hümbətəliyev və Vaqif Məhərrəmovdur. 4 polis əməkdaşı həmin faciələrin canlı şahidləri, həm də qurbanlarıdır.

Polis əməkdaşları 1993-cü il 23 avqust tarixinə qədər Cəbrayılın müdafiəsində iştirak edib, işğaldan sonra iki ay müddətində də əhalini müdafiə edib. Polislər əhali ilə birlikdə Xudafərin körpüsünə qədər sıxışdırılıb, nəhayət insanları İran sərhədindən sağ-salamat keçirməyə müvəffəq olublar. Özləri isə 13 gün mühasirədə qalıblar. Cəbrayıl polisi o ərəfədə 16 şəhid verib. Əhalini qoruyan polislərdən sadəcə 7-si mühasirədən sağ çıxa bilib.

Filmdə həmin 13 gün ərzində baş verənlər - qəfil hücumlar, ağır döyüşlər, qətllər, erməni vəhşiliyi nümayiş olunur.

Məcburi köçkünlərin işğaldan sonrakı dəhşətli həyatı, məskunlaşdıqları çadır şəhərciyi, illərlə dözülməz şəraitdə yaşamaları da filmdə əks olunub.

“13-cü gün”ün qəhrəmanları torpaqlar azad olunandan sonra işğalın təfərrüatını bir-bir xatırlayır, doğma Vətənə ayaq basdıqca döyüş anlarını yada salır, ağrı-acını sanki yenidən yaşayırlar.

Filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, quruluşçu operatoru Elşən Bədəlov, montaj rejissoru Cabir Əliyev, redaktoru Afaq Vasifqızı, prodüseri Fatimə Əzimovadır. Layihənin rəhbəri Elçin Musaoğludur.

Sənədli televiziya filmi aprelin 15-ü saat 18:25-də AzTV-də nümayiş olunacaq.

CANLI YAYIM