“Ukraynadakı böhran görülməmiş aclıq və yoxsulluğa səbəb ola bilər” - BMT

“Ukraynadakı böhran görülməmiş aclıq və yoxsulluğa səbəb ola bilər” - BMT

18 Aprel, 13:44 Sosial mediada paylaşın:

Ukraynada müharibənin 54-cü günüdür.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə 50 milyard dollar həcmində maliyyə yardımının ayrılması ilə bağlı “Böyük yeddilik” ölkələrinə müraciət edib. Bu barədə dövlət başçısının iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko məlumat verib. Onun sözlərinə görə, hazırda Ukrayna üçün prioritet məsələlər iqtisadiyyatın bərpası və xaricdən maliyyə vəsaitinin cəlb olunmasıdır.

Ukrayna Prezidenti ölkənin müharibədən sonrakı bərpası və maliyyə sabitliyinin təmin olunması ilə bağlı Beynəlxalq Valyuta Fondu ilə də danışıqlar aparıb. Volodimir Zelenski Fondun rəhbəri Kristalina Georgiyeva ilə konkret yardım planlarını müzakirə etdiklərini bildirib. Dövlət başçısı artıq rəsmi Kiyevin aydın planının və perspektivlərə dair baxışının olduğunu qeyd edib.

Yerli KİV-in məlumatına görə, Xarkovun mərkəzi hissələri atəşə tutulub. Nəticədə 5 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Nikolayev şəhərinə də raket zərbəsi endirilməsi ilə bağlı məlumat yayılıb. Mariupolda vəziyyət olduqca ağırdır. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “CBS News” telekanalına müsahibəsində şəhərin artıq mövcud olmadığını, ukraynalı hərbçi və çox sayda mülki şəxsin faktiki olaraq Rusiya qoşunları tərəfindən mühasirəyə alındığını bildirib. Xarici işlər naziri Rusiya ilə Ukrayna arasında danışıqlara da toxunub. O, son vaxtlar tərəflərin arasında heç bir diplomatik təmasların olmadığını vurğulayıb. 

BMT isə Ukraynadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib. Təşkilatın baş katibi Antonio Quterriş bildirib ki, Ukraynadakı böhran 1,7 milyarddan çox insanı, dünya əhalisinin 1/5-ni yoxsulluq və aclığa sürükləyə bilər. Çexiya mətbuatına müsahibəsində qurum rəhbəri qeyd edib ki, böhran son onilliklərdə görülməmiş aclıq və yoxsulluğa səbəb ola bilər.

Fərda Abasova

CANLI YAYIM