Bir əsrlik tarix daha etibarlı qorunacaq - AzTV-nin arxiv materialları rəqəmsallaşacaq

Bir əsrlik tarix daha etibarlı qorunacaq - AzTV-nin arxiv materialları rəqəmsallaşacaq

1 İyun, 11:06 Sosial mediada paylaşın:

Xalqımızın maddi-mənəvi sərvətinə çevrilən Azərbaycan Televiziyasının arxivinin qorunub saxlanılması dövlətin də diqqət mərkəzindədir. Dövlət başçısının sərəncamı ilə arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi üçün ayrılan 1 milyon manat vəsait də bunun bariz nümunəsidir.

Son 3 il ərzində Azərbaycan Televiziyasının efir-yayım sistemi yeni rəqəmsal platforma üzərində qurulub. Hazırda efir materialları rəqəmsal şəkildə server-playout sistemi üzərindən yayımlanır. Müasir efir, montaj və səs otaqları istifadəyə verilib.

Bu da ümumi işin keyfiyyətinə təsirsiz ötüşməyib. Televiziya maraqlı verilişləri və proqramları ilə izləyicilərin diqqətini cəlb edə bilib.

İşin hibrid formada qurulmasına baxmayaraq, ildə 100 tb-a yaxın material arxivə daxil olur ki, onların saxlanılması, qorunması artıq idarəolunmaz həddə çatıb. Efir proqramının mühüm hissəsini əhatə edən “AzTV Xəbər” proqramında materiallar HD formatda çəkilsə də, efirə və arxivə İMX kasetlərə yazılaraq təqdim edilir. İMX maqnitofonların artıq istehsaldan qaldırıldığını və ehtiyat hissələrinin də əlçatmaz olduğunu nəzərə alsaq, bir neçə il sonra yayım prosesinin böyük problemlərlə üzləşmə təhlükəsi yarana bilər.

Mərkəzləşdirilmiş idarəetmə sisteminin olmaması müxtəlif bölmələrin fəaliyyətində gecikmələr, koordinasiyasızlıq və digər çatışmazlıqlar yaradır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Texniki İstehsalat Birliyinin direktoru Elnur Əlizadə bildirib ki, rəqəmsal arxiv sistemində həm operativ, həm də “deep arxiv” yaradılacaq: “İlkin olaraq problemlərimizi bu şəkildə həll edəcəyik. Sonrakı mərhələdə ümumi yığılan, gec-gec istifadə olunan kaset arxivlərimizi də həmin o dərin arxivə köçürəcəyik”.

Media sənayesinin inkişafı hazırda elə bir mərhələyə çatıb ki, artıq teleradio şirkətlərində məzmunun əldə edilməsi, saxlanılması və düzgün idarə olunması üçün rəqəmsal arxivlərin yaradılması və idarə edilməsi sistemlərinin tətbiqi zərurətdir. Azərbaycan Televiziyasında da son 3 ildə bu istiqamətdə mühüm işlər görülüb. Dövlət başçısının “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamı televiziyanın daha da keyfiyyətli və operativ çalışmasını təmin edəcək.

Televiziyanın rəqəmsallaşması gələcəkdə audiovizual fondların da yenilənməsinə şərait yaradacaq və daha təhlükəsiz şəraitdə qorunub saxlanılmasında fundamental baza rolunu oynayacaq.

Sabir Bilalov

CANLI YAYIM