Bu gün "Formula 1" üzrə Azərbaycan qran-prisinin qalibinin adına aydınlıq gələcək.
Yarışın sonuncu günündə əvvəlcə "Formula 2" pilotları mübarizə aparacaq, sonra isə əsas mərhələ keçiriləcək. Saat 15:00-da "Formula 1"də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.
"Formula 1"də təsnifat mərhələsinin yekunlarına əsasən, “Ferrari” pilotu Şarl Lekler birinci olub. “Red Bull” komandasının pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar.
"Formula 2" üzrə sprint yürüşündə "ART Grand Prix" komandasının pilotu Frederik Vesti birinci olub. “Prema Racing”in üzvü Cehan Daruvala yarışı ikinci, Liam Louson (“Carlin”) isə üçüncü sırada bitiriblər.
"Formula 1"də yeddi mərhələdən sonra pilotların sıralamasına “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 125 xal var. Ferstappendən 9 xal geri qalan Şarl Lekler (“Ferrari”) ikinci sırada qərarlaşıb. İlk beşliyi 110 xalla Serxio Peres (“Red Bull Racing”), 84 xalla Corc Rassel (“Mercedes”) və 83 xalla Karlos Sayns (“Ferrari”) qapayırlar.
Konstruktorlar kubokunun lideri “Red Bull” (235 xal) komandasıdır. “Ferrari” 199 xalla ikinci, “Mercedes” isə 134 xalla üçüncü pillədə yer alıb.