Ukraynada müharibənin 155-ci günü: vəziyyət necədir?

Ukraynada müharibənin 155-ci günü: vəziyyət necədir?

28 İyul, 17:22 Sosial mediada paylaşın:

Ukraynada müharibənin 155-ci günüdür. Ölkənin cənubunda Ukrayna ordusunun əks-hücumlarının qarşısını almağa çalışan Rusiya silahlı qüvvələri döyüş taktikasını dəyişməyə qərar verib. Bunun üçün bölgəyə əlavə qüvvələr cəlb edən Rusiya ordusu Donbasda Ukraynanın 2-ci ən böyük elektrik stansiyasını da nəzarətə götürüb.

Rusiya Müdafiə nazirliyi Ukrayna ordusunun ciddi itkilər verdiyini açıqlayıb. Rusiya Aerokosmik Qüvvələrinin Xerson vilayətinə endirdiyi hava zərbələri nəticəsində qarşı tərəfin 200-dən çox hərbçisinin zərərsizləşdirildiyi, zirehli texnikaların sıradan çıxarıldığı bildirilib. Nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov Ukrayna ordusunun Donetsk vilayətindəki 9 komanda məntəqəsi və 6 silah anbarının, eləcə də raket və artilleriya qurğularının vurulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Ukraynanın 3 pilotsuz uçuş aparatını da məhv edib.

Rusiya silahlı qüvvələrinin Baxmut və Kramatorsk şəhərləri istiqamətində hücum planları isə uğursuz olub. Ukrayna ordusu sözügedən bölgələrdə hücumların qarşısının alındığını, qarşı tərəfin itki verərək geri çəkildiyini açıqlayıb. 

Bununla belə, Vuqleqirsk istilik elektrik stansiyasını qorumaq mümkün olmayıb. Ölkənin 2-ci ən böyük elektrik stansiyası Rusiya qoşunlarının nəzarətinə keçib. Ukrayna Prezidentinin müşaviri Oleksiy Arestoviç də faktı təsdiqləyib. Ölkə rəsmisi bunu qarşı tərəf üçün kiçik taktiki irəliləyiş kimi qiymətləndirib.

Arestoviç, həmçinin, Rusiya ordusunun ölkənin cənubunda döyüş taktikasını dəyişdiyini açıqlayıb. Onun sözlərinə görə, qarşı tərəf Xerson və Zaporojye vilayətlərində müdafiə taktikasından hücum taktikasına keçməyə qərar verib. Bunun üçün sözügedən vilayətlərlə yanaşı, Melitopola da çoxlu sayda hərbi birləşmələr cəlb olunub. Digər tərəfdən, Kiyev vilayəti və Mikolayivin yenidən Rusiya ordusu tərəfindən raket zərbələrinə məruz qaldığı açıqlanıb.

Qərbin Ukraynaya hərbi yardımları isə davam edir. Almaniyanın tədarük etdiyi 3 ədəd “Mars-2” yaylım atəşli raket sistemi və bir o qədər Panzer özüyeriyən artilleriya qurğusu artıq Ukraynaya təhvil verilib. Bununla yanaşı, Almaniyanın müdafiə naziri Kristina Lambrext “IRIS-T” hava hücumundan müdafiə sistemlərinin də sentyabradək Ukraynaya çatdırılacağına ümid etdiyini bildirib. Bundan başqa, bu ölkənin İqtisadiyyat Nazirliyi Ukraynaya 100 ədəd özüyeriyən artilleriya qurğusunun satılmasına da icazə verib.

Xəzər Əbdüləliyev

 

CANLI YAYIM