Qarabağda aparılan antiterror tədbirləri Macarıstan telekanalının efirində

Qarabağda aparılan antiterror tədbirləri Macarıstan telekanalının efirində

22 Sentyabr, 16:55 Sosial mediada paylaşın:

Macarıstanın “HirTV” telekanalının canlı efirində çıxış edən Matyaş Korvinus Kollegiumunun əməkdaşı, Rusiya və keçmiş sovet ölkələrində geosiyasi məsələlər üzrə ekspert Mate Viqoçki geniş auditoriyaya bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb.

Proqramın qonağı münaqişənin hələ sovet dövründə meydana çıxdığını, lakin hazırda tam həllinə yaxın olduğunu xatırladıb. O əlavə edib ki, 24 saat ərzində keçirilən uğurlu antiterror tədbirləri bunu söyləməyə əsas verir. Ekspert vurğulayıb: “İndi bu, tarixdir. Məsələni həmişəlik bağlamaq olar. Qarabağ Azərbaycanın mərkəzində etnik ermənilərin də yaşadığı bölgədir”.

Mate Viqoçki haqlı olaraq qeyd edib ki, münaqişə nəticəsində ortaya çıxmış qondarma “respublikanı” heç kim, o cümlədən Ermənistan da tanımayıb. İndi Bakı reinteqrasiya təklif edir.

Ekspert, həmçinin xatırladıb ki, Azərbaycan 2020-ci ildə 44 günlük müharibə zamanı işğal altında olan ərazilərinin böyük bir hissəsini azad edib, habelə Qarabağla Ermənistan arasındakı yol üzərində nəzarətini bərpa edib. Həmin vaxtdan ərazilərin cəmi 5 faizi Bakının nəzarətindən kənarda qalmışdı.

Politoloq deyib ki, birgünlük antiterror tədbirləri bütün məsələləri tam şəkildə həll edib. Erməni əsgərləri silahlarını təhvil verir və reinteqrasiya məsələlərini müzakirə etmək məqsədilə Yevlax şəhərində görüş keçirilib.

Mate Viqoçki bildirib ki, Türkiyənin timsalında Azərbaycanın müttəfiqi var, Ermənistan isə bu günlərdə ABŞ ilə 9 günlük hərbi təlimlər keçirib.

Ermənistanın iqtisadi vəziyyətinin də ürəkaçan olmadığını diqqətə çatdıran politoloq deyib: “Əslində, Ermənistan tənha ölkədir, onun vəziyyəti ağırdır. Bu ölkəni Rusiya və İran dəstəkləyir, amma Tehranın dəstəyi passivdir, Moskvanın isə başı Ukraynada müharibəyə qarışıb. Amerika uzaqdadır. Bu səbəbdən Ermənistan kimə arxalanacağını bilmir”.

CANLI YAYIM