Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin dəstəyi ilə keçirilən “Şuşa günləri” çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 26-27-də Əbu-Dabi şəhərində rəsmi səfərdə olublar.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib ki, səfər çərçivəsində Aydın Kərimov BƏƏ-nin mədəniyyət naziri Şeyx Salem Al Qasimi, BƏƏ xarici işlər nazirinin müavini Xalid Belhou və BƏƏ-nin Şəhərsalma və Nəqliyyat departamenti rəhbərinin müavini Saif Sultan Al Nasseri ilə görüşüb. Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Elçin Bağırov və nümayəndə heyətinin üzvləri - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərov, Qoruğun məsul əməkdaşları görüşlərdə iştirak ediblər. Hər bir görüşdə ölkələr arasında ikitərəfli əlaqələrdən söz açılıb, dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 layihəsinin Azərbaycanda yüksək səviyyədə, uğurla həyata keçirilməsi xüsusi olaraq vurğulanıb və dövlətimiz bu münasibətlə təbrik edilib. Eyni zamanda, Şuşanın Baş Planı haqqında məlumat verilib, şəhərsalma ilə bağlı ideya və fikirlər bölüşdürülüb, iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, elm, mədəniyyət, yaradıcılıq sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsinin aparılması müzakirə olunub. Şuşanın tarixi, işğal dönəmində ermənilər tərəfindən məruz qaldığı talanlar və dağıntılar, hazırkı bərpa və yenidənqurma işləri, turizm potensialının inkişaf etdirilməsi və turistlərin şəhərə cəlb edilməsi, Şuşanın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər, həyata keçirilən layihələr, yeni yaşayış kompleksinə əhalinin köçürülməsi və şəhərə gediş-gəlişin asanlaşması barədə də məlumatlar verilib.
Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Şuşa günləri” davam edib. Belə ki, “Şuşa - dünən və bu gün” adlı fotosərgidə Şuşanın tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında ətraflı məlumat verilib. XVIII-XIX əsrlərə aid Qarabağın zadəgan xanımlarının geyimləri və kişi libasları “Qarabağ milli geyimləri” adı ilə nümayiş etdirilib və maraqla qarşılanıb. İştirakçılar dünyanın ən qədim, zəngin mətbəxlərindən biri olan Azərbaycan kulinariyasının ləziz təamlarına və şirniyyatlarına qonaq ediliblər.
“Şuşa günləri” çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala–konsert keçirilib.