Bakıda böyük velosiped yolları şəbəkəsi salınacaq

Bakıda böyük velosiped yolları şəbəkəsi salınacaq

14 Fevral, 16:00 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-2023-cü illərdə avtomobil yollarında, küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək. Bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək. Hazırda isə paytaxtın mərkəzi küçələrinin birində bu yol fəaliyyətdədir.

Əhalinin velosiped sürməyə artan marağının, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini artırmaq məqsədilə paytaxt küçələrində bu cür velosiped yolları təşkil edilib. Qeyd edək ki, bu yol təxminən 200 metrlik hissəni əhatə edir. Ümumiyyətlə, velosiped yollarının ilk olaraq paytaxtın mərkəzi küçə və  prospektlərində təşkili nəzərdə tutulub.

Velosiped zolaqlarının və yollarının layihələndirilməsi ilk olaraq şəhərin mərkəzi hissəsində əsas maraq nöqtələrini birləşdirən marşrut xətləri üzrə nəzərdə tutulub. Daha sonra bu marşrutlar əlaqələndirilərək daha böyük velosiped yolları şəbəkəsinin təşkili planlaşdırılır. Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin nəqliyyat planı hazırlanarkən Bakı Nəqliyyat Agentliyi tərəfindən velosiped zolaqları və dayanacaqları ilə bağlı məsələlər də əksini tapıb və artıq icra edilib. Birinci mərhələdə paytaxtın Böyükşor parkı - Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar əraziləri, ikinci mərhələdə isə İçərişəhər, Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud, Atatürk, Nəriman Nərimanov, Sahil parkları, Ağ Şəhər, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, dünyanın əksər ölkələrində velosiped tıxacların qarşısının alınması ilə yanaşı, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yardım edir: “Ölkəmizdə də bu vasitədən istifadənin genişləndirilməsi zəruridir. Bu məqsədlə, Dənizkənarı Milli Parkda 4 km uzunluğunda velosiped yolu salınıb və Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə velosiped parkı yaradılıb. Hazırda şəhərimizin yenidən qurulan ərazilərində, habelə digər şəhər və rayonlarda velosiped yollarının və zolaqlarının salınması ilə bağlı məsələlər müzakirə olunur.”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərovun sözlərinə görə, velosiped yolları çəkiləndən sonra görüləcək işlərdən biri də xüsusi dayanacaqların yaradılmasıdır. M. Qəmbərov deyib ki,xüsusi dayanacaqların yaradılmasıyla şəhərdə ətraf mühitin, infrastrukturun, mədəniyyətin və alternativlərin sayı artacaq: Üstəlik, tıxacın olduğu vaxtlarda velosiped yolları əksər şəhər sakinlərinə hərəkət azadlığı verəcək. Ümumiyyətlə velosiped yollarının Bakının bütün küçələrində təşkili planlaşdırılır.”

 

Nuray Mustafa

 

CANLI YAYIM