Azərbaycandakı gənclər siyasəti: mövcud potensialın realizəsinə xidmət

Azərbaycandakı gənclər siyasəti: mövcud potensialın realizəsinə xidmət

22 May, 17:26 Sosial mediada paylaşın:

Bu gün ölkəmizdə gənclər siyasəti ardıcıl xarakter daşıyır, gənclərə göstərilən etimad ölkəmizin gələcəyi üçün etibarlı mühit formalaşdırır. Dövlət siyasəti nəticəsində gənclik bir çox proseslərdə artıq lokomotiv kimi çıxış etməyə başlayır, gənc kadrlar dövlət idarəçiliyinə cəlb edilir, gənclərin enerji və potensialından uğurla istifadə olunmaqla yanaşı, onlara təcrübə üçün şans yaradılmış olur.

Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev gənclərin potensialının davamlı inkişafın hərəkətverici qüvvəsi olduğunu qeyd etdi. Prezident bildirdi ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır: “Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün”.

Ölkənin yeni inkişaf mərhələsi kimi xarakterizə olunan struktur-institusional islahatları dövrünə, yeni çağırışlara adekvat kadr dəyişiklikləri aparılır və bu yeni mərhələdə gənclərin üzərinə də məsuliyyət qoyulur. Kadr təyinatlarında gənclərə xüsusi diqqət ayrılması, onların yüksək vəzifələrə təyin olunması gənclər siyasətinin ifadəsidir və ölkəmizin inkişafında davamlılığı, varisliliyi şərtləndirən amillərdəndir.

· Milli və dövlətçilik maraqlarına söykənmək;

· Qlobalizmin gücləndiyi indiki dövrdə milli identikliyi, milli xüsusiyyətləri qorumaq;

· Keyfiyyətli təhsillə peşəkar kadr kimi formalaşmaq;

· İnnovativ dəyişikliklər, yeni trend və innovasiyaları izləyərək, onları mənimsəmək və tətbiq etmək və s. bu gün dövlətin gənclər siyasətinin əsas tezislərini təşkil edir və ölkəmizin gələcək inkişafını şərtləndirir.

Prezident İlham Əliyev İmişli və Ağstafa rayonlarına yeni təyin olunmuş icra başçılarını qəbul edərkən də yeni kadrların dəyişikliklərin aparıcı qüvvəsinə çevrilməli olduğuna diqqət yönəldib: “Bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır. Sizin fəaliyyətinizdən çox şey asılıdır və insanların inamı, əhval-ruhiyyəsi, ədalətə inanması bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır. Siz elə işləməlisiniz ki, insanlar sizə inansınlar, sizi dəstəkləsinlər və sizin işinizdən razı olsunlar”.

Beləliklə, Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” tezisinə uyğun olaraq insan resurslarına yatırılmış sərmayələr postneft dövründə əhəmiyyətini daha qabarıq ifadə edir. Uğurlu gənclər siyasəti isə mövcud potensialın realizəsinə xidmət edir.

Vüsal Məmmədov

CANLI YAYIM